Serbiyanın qaz kəməri yaxınlığında güclü partlayıcı aşkarladığı açıqlaması Macarıstanda seçkilər öncəsi siyasi gərginliyi artırıb, hökumətə qarşı “saxta əməliyyat” iddiaları səsləndirilib.

Serbiya rəsmiləri Rusiyadan təbii qazı Macarıstana və digər ölkələrə daşıyan kəmər xəttinin yaxınlığında “dağıdıcı gücə malik partlayıcılar” tapıldığını bildiriblər. Hadisə ölkədə siyasi müzakirələri gücləndirib, müxalifətin aparıcı namizədi bunun seçkilərə təsir göstərmək məqsədi daşıyan mümkün “saxta əməliyyat” ola biləcəyini iddia edib.
Bazar günü Macarıstanın baş naziri Viktor Orban bildirib ki, bu barədə ona Serbiya prezidenti Aleksandar Vuçiç məlumat verib. Məlumata görə, partlayıcılar Balkanlar vasitəsilə Mərkəzi və Şərqi Avropaya Rusiya qazını nəql edən “TurkStream” qaz kəmərinin bir qolunun yaxınlığında aşkar edilib.
Orban sosial şəbəkə hesabında paylaşım edərək qeyd edib ki, hadisə ilə bağlı araşdırma aparılır. O əlavə edib ki, vəziyyəti müzakirə etmək üçün ölkənin müdafiə şurasının təcili iclasını çağırıb.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
