ABŞ-nin NASA tərəfindən həyata keçirilən Artemis II missiyasının heyəti Ayın Yer kürəsindən görünməyən uzaq tərəfini ilk dəfə canlı şəkildə müşahidə etdiklərini açıqlayıb.

Artemis II missiyasının heyəti, uçuşun üçüncü günündə Ayın fotosunu paylaşıb. 4 aprel 2026.
Missiyada amerikalı astronavtlar Reid Wiseman, Victor Glover, Christina Koch və Kanada Kosmik Agentliyinin nümayəndəsi Jeremy Hansen iştirak edir. Onlar Orion kosmik gəmisi ilə Ayın ətrafından dolanaraq Yerə qayıdacaq tarixi səyahətə çıxıblar.
Astronavt Christina Koch bildirib ki, Ayın uzaq tərəfini görmək tamamilə fərqli hiss yaradır: "İnsan hiss edir ki, bu artıq tanıdığımız Ay deyil". O, xüsusilə Orientale Basin bölgəsinin görüntülərini paylaşaraq bunun insan gözü ilə ilk dəfə bu qədər geniş şəkildə müşahidə edildiyini vurğulayıb.
Missiyanın gedişinə əsasən, kosmik gəmi hazırda Ay və Yer arasında yüz minlərlə kilometr məsafədə hərəkət edir. 1 aprel tarixində ABŞ-nin Florida ştatındakı Kennedy Space Center mərkəzindən buraxılan missiya, Yer orbitində qısa yoxlamalardan sonra Ay istiqamətində hərəkətə başlayıb.
Bu uçuş 50 ildən artıq fasilədən sonra insanları Ay ətrafına aparan ilk missiya kimi xüsusi əhəmiyyət daşıyır. Artemis II birbaşa eniş etməsə də, gələcək Ay missiyaları üçün mühüm sınaq mərhələsi hesab olunur.
Uçuşun başlanğıcında kosmik gəmi raketdən ayrılaraq günəş panellərini uğurla açıb və enerji təminatını aktivləşdirib. Daha sonra sistemlərin yoxlanılması üçün Yer orbitində müəyyən müddət qalıb.
Bütün sistemlər təsdiqləndikdən sonra “trans-lunar injection” adlanan mühərrik yanması həyata keçirilib və gəmi Ay istiqamətinə yönəlib. Bu manevr nəticəsində Orion Ayın cazibə qüvvəsindən istifadə edərək geri dönüş trayektoriyasına daxil olacaq.
Missiya canlı yayımlandığı üçün heyətin gündəlik həyatı da izlənilə bilir. Astronavtlar sıx qrafik üzrə işləyir, gün ərzində təxminən 8 saatlıq yuxu və müntəzəm fiziki məşqlərlə sağlamlıqlarını qoruyurlar.
Qida rasionu əsasən dondurularaq qurudulmuş yeməklərdən ibarətdir və su əlavə edilərək hazırlanır. Menyuda makaron, ət yeməkləri və müxtəlif souslar yer alır.
Başlanğıcda texniki problem yaradan sanitar sistemin isə sonradan bərpa edildiyi və hazırda normal işlədiyi bildirilib.
Missiyanın əsas məqsədi Ay səthinə eniş deyil, gələcək insanlı missiyalar üçün texnoloji və əməliyyat hazırlığını yoxlamaqdır. ABŞ 2028-ci ilə qədər insanları yenidən Ay səthinə endirməyi planlaşdırır.
Astronavtların yaxın günlərdə Ayın uzaq tərəfinin daha geniş görüntülərini əldə edəcəyi və bu məlumatların elmi baxımdan mühüm töhfə verəcəyi gözlənilir.
Emiliya Vəlicanova
