Bütün Google Chrome istifadəçilərinə ciddi xəbərdarlıq edilib. Şirkət 21 təhlükəsizlik boşluğunu aradan qaldıran yeni yeniləmə yayımlayıb və istifadəçilərə brauzerlərini dərhal yeniləyib yenidən başladmaları tövsiyə olunur.

Məlumata görə, aşkarlanan təhlükəsizlik problemlərindən biri – CVE-2026-5281 adlı boşluq – “zero-day” kimi qiymətləndirilib. Bu isə o deməkdir ki, həmin zəiflik artıq kibercinayətkarlar tərəfindən aktiv şəkildə istifadə olunur.
Şirkət rəsmi açıqlamasında bildirib ki, bu boşluğun real hücumlarda istifadə edildiyi təsdiqlənib. “Google CVE-2026-5281 üçün exploitin real mühitdə istifadə olunduğunun fərqindədir”, – deyə açıqlamada qeyd olunub.
Yeniləməyə ümumilikdə 21 təhlükəsizlik düzəlişi daxildir. Google əlavə edib ki, istifadəçilərin böyük əksəriyyəti yeniləməni quraşdırana qədər bəzi texniki detallar məhdud saxlanıla bilər. Bu, potensial risklərin daha da yayılmasının qarşısını almaq məqsədi daşıyır.
Mütəxəssislər istifadəçilərə Chrome brauzerinin ən son versiyasını yoxlamağı, dərhal yeniləmə etməyi və brauzeri yenidən başladmağı tövsiyə edirlər. Bu addımlar mümkün kiberhücumların qarşısını almaq üçün vacib hesab olunur.
Mənbə: The Mirror
Tərcümə etdi: Nərmin Məmmədzadə
