Belçikanın Gent şəhərində yerləşən MSK Gent-Təsviri İncəsənət Muzeyində barokko dövrü qadın rəssamlarının yaradıcılığına həsr olunmuş genişmiqyaslı sərgi açılıb.
“Pişik və ilanbalığı ilə oğlan və qız”, 1635 — Judith Leyster, The Guardian
Antverpendən Amsterdama qadın rəssamlar (1600–1750)” adlı sərgidə 40-dan çox sənətkarın əsərləri nümayiş etdirilir. Ekspozisiyanın əsas məqsədi XVII–XVIII əsrlərdə fəaliyyət göstərmiş qadın rəssamların incəsənət tarixindəki rolunu yenidən diqqət mərkəzinə gətirməkdir.
Sərgidə Judith Leyster, Rachel Ruysch və Maria van Oosterwijck kimi tanınmış rəssamların əsərləri nümayiş olunur. Bu sənətkarlar öz dövrlərində yüksək peşəkarlıq göstərsələr də, sonrakı dövrlərdə onların yaradıcılığı kifayət qədər qiymətləndirilməyib.
Kuratorların sözlərinə görə, XIX əsrdə yazılmış sənət tarixi əsərlərində qadın rəssamların fəaliyyəti çox vaxt kölgədə qalıb, bəzi hallarda isə onların əsərləri başqa müəlliflərə aid edilib. Hazırkı sərgi bu tarixi ədalətsizliyi aradan qaldırmaq və qadın sənətkarların irsini daha geniş auditoriyaya çatdırmaq məqsədi daşıyır.
Sərgi incəsənət ictimaiyyəti tərəfindən mühüm hadisə kimi qiymətləndirilir və barokko dövrünün daha dolğun öyrənilməsinə töhfə verir.
Mənbə: The Guardian
Tərcümə etdi: Zəhra Məlikova
