Balkan regionunda minilliklərdən bəri qorunub saxlanılan “Martişor” ənənəsi mart ayının ilk günü – 1 mart tarixində qeyd olunur. Bu ənənə baharın gəlişini, təbiətin oyanışını və yeni başlanğıcları simvolizə edir.
Çiçəklənən ağac budağına bağlanan “Martişor”
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Rumıniya mətbuatında dərc olunan sənədli materiallara əsasən, bu adətin kökləri qədim trak və dak mədəniyyətlərinə qədər uzanır.
Tarixi mənbələrə görə, qədim dövrlərdə Balkan ərazilərində yeni ilin başlanğıcı məhz martın 1-nə təsadüf edirdi. Bu səbəbdən mart ayı yalnız təbiətin yenilənməsi deyil, həm də yeni ilin, yeni ümidlərin başlanğıcı kimi qəbul olunub.
“Martişor” sözü rumın dilində “kiçik mart” mənasını verir. Ənənəyə əsasən, insanlar bir-birinə qırmızı və ağ sapdan hörülmüş lentlə bəzədilmiş kiçik talisman və ya amulet hədiyyə edirlər. Bu iki rəngin özünəməxsus mənası var: ağ rəng saflığı, işığı və sağlamlığı, qırmızı isə həyat enerjisini, sevgini və gücü ifadə edir. Rənglərin birləşməsi təbiət və insan arasında harmoniyanı simvolizə edir.
Ənənəyə görə, “Martişor” sinəyə taxılır və ya qolbaq kimi biləyə bağlanır. Bəzi bölgələrdə onu ayın sonuna qədər gəzdirmək adəti var. Sonra isə çiçəklənən ağac budağına bağlanır ki, bu da ilin bərəkətli və uğurlu keçəcəyinə inamı ifadə edir. Kənd yerlərində bu mərasim xüsusilə təntənəli şəkildə qeyd olunur və qədim inanclar bu günə qədər yaşadılır.
Qeyd edək ki, Balkan ölkələrində – xüsusilə Rumıniya, Bolqarıstan və Moldovada – “Martişor” geniş şəkildə qeyd olunur. Bolqarıstanda buna bənzər ənənə “Martenitsa” adı ilə tanınır. Hər iki halda məqsəd eynidir: baharın gəlişini qarşılamaq və insanlara sağlamlıq, xoşbəxtlik arzulamaq.
Daha geniş məlumat üçün: https://azertag.az
Amina Paşazadə
