Bu gün:

BMT baş katibi: İnsan hüquqları dünya miqyasında ciddi təhlükə altındadır


Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Guterres dünya üzrə insan hüquqlarının ciddi təzyiqlərlə üzləşdiyini bəyan edib. O, bu barədə BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən sessiyasının açılış mərasimində çıxışı zamanı danışıb. 

Baş katib bildirib ki, müxtəlif regionlarda münaqişələr, siyasi qeyri-sabitlik, ayrı-seçkilik, ifadə azadlığının məhdudlaşdırılması və humanitar böhranlar insan hüquqlarının vəziyyətini daha da ağırlaşdırır. Onun sözlərinə görə, beynəlxalq hüququn pozulması halları artır və bu, qlobal sabitliyə birbaşa təhlükə yaradır.

Antonio Guterres vurğulayıb ki, insan hüquqları sülhün, inkişafın və ədalətin əsas sütunudur. O, dünya liderlərini beynəlxalq öhdəliklərə əməl etməyə və insan hüquqlarının qorunması istiqamətində konkret addımlar atmağa çağırıb.

Baş katib çıxışında qeyd edib ki, xüsusilə münaqişə zonalarında mülki əhalinin müdafiəsi prioritet olmalıdır. O, eyni zamanda, jurnalistlərin, hüquq müdafiəçilərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyətinə qarşı təzyiqlərin qəbuledilməz olduğunu bildirib.

BMT rəhbəri beynəlxalq ictimaiyyəti həmrəyliyə səsləyərək vurğulayıb ki, insan hüquqlarının müdafiəsi yalnız ayrı-ayrı dövlətlərin deyil, bütün qlobal birliyin məsuliyyətidir.

Mənbə: Reuters 

Tərcümə etdi: Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et