ABŞ-nin Filadelfiya şəhərində “Black History Month” çərçivəsində genişmiqyaslı mədəniyyət festivalı təşkil olunub. Tədbir afroamerikan icmasının zəngin tarixi, mədəni irsi və incəsənət ənənələrinin təbliği məqsədi daşıyıb.
Festival çərçivəsində canlı musiqi proqramları, milli rəqslər, rəssamlıq və əl işlərindən ibarət sərgilər, eləcə də ənənəvi hekayəçilik təqdim olunub. Xüsusilə “qriot” adlandırılan mədəniyyət daşıyıcılarının çıxışları iştirakçıların böyük marağına səbəb olub. Bu çıxışlarda afroamerikan xalqının tarix boyu formalaşmış yaddaşı və dəyərləri sənət dili ilə tamaşaçılara çatdırılıb.
Tədbirin əsas məqsədi afroamerikan icmasının ABŞ və dünya mədəniyyətinə verdiyi töhfələri nümayiş etdirmək, eyni zamanda gənc nəslin tarixi irsə marağını artırmaq olub. Festival şəhər sakinləri ilə yanaşı, turistlərin də diqqətini cəlb edib və Filadelfiyanın multikultural mühitini bir daha ön plana çıxarıb.
Qeyd edək ki, “Black History Month” hər il fevral ayında ABŞ-də və bir sıra digər ölkələrdə qeyd olunur və afroamerikanların tarixinə, mədəniyyətinə və nailiyyətlərinə həsr edilir.
Mənbə: Travel and Tour World
Tərcümə etdi: Zəhra Məlikova
