Bu gün:

Məhkəmə sistemində süni intellekt dövrü


Məhkəmə sistemində rəqəmsal transformasiya prosesi artıq sadə bir texnoloji yenilik olmaqdan çıxaraq ciddi institusional məsuliyyət mərhələsinə qədəm qoyub. Hakimlərin II Forumunda vurğulanıb ki, süni intellektin tətbiqi hakimin iradəsini və qərarvermə funksiyasını əvəzləmək üçün deyil, prosesin analitik bazasını gücləndirmək və daha ədalətli nəticələrin əldə olunmasına xidmət edir. Əsas hədəf isə ictimai etimadı qazanan, yüksək keyfiyyətli və dərindən əsaslandırılmış məhkəmə qərarlarının çıxarılmasını təmin etməkdir.24media.az APA-ya istinadən xəbər verir ki, hazırda "Elektron məhkəmə" sisteminin 13 dövlət qurumu ilə 23 fərqli istiqamət üzrə inteqrasiyası uğurla həyata keçirilir. Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurovun sözlərinə görə, hakim korpusundan daxil olan çoxsaylı təkliflər əsasında süni intellektin fəaliyyət sahələri genişləndirilir və sistemin təhlükəsizliyi üçün Dövlət Təhlükəsizlik Xidməti ilə koordinasiyalı iş aparılır. Eyni zamanda, kritik məlumatların qorunması məqsədilə xüsusi serverlərdən "Hökumət buludu"na keçid prosesi də prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.

Yaxın gələcəkdə "Elektron məhkəmə" sisteminin tam təkmilləşdirilməsi ilə istifadəçi sayının kəskin artacağı proqnozlaşdırılır. Statistikaya əsasən, hazırda sistemdə 250 mindən çox aktiv şəxsi kabinet mövcuddur ki, bu da rəqəmsallaşmanın ədalət mühakiməsinin əlçatanlığına verdiyi mühüm töhfədir. Yekun olaraq qeyd edilib ki, tətbiq edilən innovasiyalar məhkəmə sisteminin şəffaflığını, səmərəliliyini və vətəndaşlar üçün etibarlılığını daha da artıracaq.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et