ABŞ-nin Texas ştatının Austin şəhərində iri miqyaslı mədəniyyət layihəsi həyata keçiriləcək. Xarici mediada yayımlanan məlumata görə, şəhərdə 4 000 tamaşaçı tutumuna malik, müasir standartlara cavab verən yeni musiqi və performans məkanı inşa olunacaq.

Yeni obyekt Austin şəhərində reallaşdırılan River Park şəhərsalma layihəsinin əsas tərkib hissələrindən biri olacaq. Musiqi məkanı canlı konsertlər, beynəlxalq musiqi festivalları, teatr və müxtəlif səhnə performansları üçün nəzərdə tutulur. Layihənin məqsədi şəhərin mədəni həyatını daha da canlandırmaq və turizm potensialını artırmaqdır.
Məlumata əsasən, yeni musiqi məkanı Austinin uzun illərdir qoruduğu “Canlı Musiqi Paytaxtı” statusunu möhkəmləndirəcək və yerli sənətçilərlə yanaşı, dünya şöhrətli ifaçıların da çıxışlarına ev sahibliyi edəcək. Tikinti işlərinin yaxın dövrdə başlanması, məkanın isə 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Qeyd edək ki, Austin şəhəri ABŞ-də musiqi və incəsənət sahəsində aparıcı mərkəzlərdən biri hesab olunur və il ərzində yüzlərlə mədəni tədbirə ev sahibliyi edir. Yeni musiqi məkanının açılması şəhərin mədəni infrastrukturu üçün mühüm addım kimi qiymətləndirilir.
Mənbə: Travel And Tour World
Tərcümə etdi: Zəhra Məlikova
