Azərbaycanın enerji strategiyasının mühüm halqalarından biri olan Cənubi Qafqaz Boru Kəməri (CQBK) 2025-ci il ərzində həm texniki göstəriciləri, həm də maliyyə xərcləri ilə diqqət mərkəzində olub. Regionun qaz ixracı infrastrukturunun əsas sütunu sayılan bu kəmər vasitəsilə daşınan həcmlərin artması, layihənin iqtisadi səmərəliliyini və beynəlxalq bazarlardakı əhəmiyyətini bir daha təsdiqləyir.
24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, 2025-ci il ərzində kəmərin əməliyyat xərcləri 71 milyon dollar, əsaslı xərcləri isə təxminən 38 milyon dollar təşkil edib. Bu rəqəmlər 2024-cü illə müqayisədə əməliyyat xərclərində 12,3 faiz azalma, əsaslı xərclərdə isə 1,9 dəfə artım deməkdir. Hesabat dövründə kəmərin gündəlik orta ötürücülük gücü 63,7 milyon kubmetrə yüksəlib ki, bu da əvvəlki ilin göstəricisindən 0,9 milyon kubmetr çoxdur.
Xatırladaq ki, 2006-cı ildən istismarda olan CQBK Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını uğurla çatdırır. Kəmərin genişləndirilməsi layihəsi (CQBKG) sayəsində 2018-ci ildən Türkiyəyə, 2020-ci ilin dekabrından isə Avropaya kommersiya qazının nəqli həyata keçirilir. Bu artan dinamika Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da möhkəmləndirir.
Arzu Qafarova
