Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Master of Art Film Festival 2026” beynəlxalq sənədli film festivalı mədəniyyət və incəsənət sahəsində mühüm hadisə kimi davam edir. Festival 6 fevral tarixində start götürüb və 26 fevraladək davam edəcək.

“Master of Art Film Festival” incəsənətin müxtəlif istiqamətlərini – təsviri sənət, musiqi, memarlıq, fotoqrafiya, ədəbiyyat, teatr və kino sahələrini əhatə edən sənədli filmləri bir araya gətirir. Tədbirin əsas məqsədi dünya mədəniyyətinin aktual mövzularını ekran əsərləri vasitəsilə tamaşaçılara çatdırmaq və sənət adamlarının yaradıcılığını beynəlxalq auditoriyaya təqdim etməkdir.
Festival çərçivəsində müxtəlif ölkələrdən olan rejissorların ekran işləri nümayiş olunur, yaradıcı görüşlər və müzakirələr təşkil edilir. Proqram həm yerli, həm də xarici tamaşaçılar üçün açıqdır və Sofiyanın əsas kino məkanlarında keçirilir.
Qeyd edək ki, “Master of Art Film Festival” Avropada incəsənət mövzusuna həsr olunmuş ixtisaslaşmış beynəlxalq film festivallarından biri hesab olunur və hər il geniş auditoriya toplayır.
Mənbə: Travels and Tour World
Tərcümə etdi: Zəhra Məlikova
