Bu gün:

ChatGPT-də reklam dövrü başlayır


OpenAI ChatGPT platformasında reklam göstərilməsinə başlanıldığını açıqlayıb. Bu yenilik ilk mərhələdə ABŞ-dəki istifadəçilər üçün test xarakteri daşıyır. Qərar platformanın indiyədək reklamsız modelində əhəmiyyətli dəyişiklik kimi qiymətləndirilib.

Reklamlar yalnız “Free” istifadəçilərinə və aylıq 8 dollar olan “ChatGPT Go” abunələrinə göstəriləcək. Plus, Pro, Business və Enterprise paketlərindən istifadə edənlər isə xidmətdən reklamsız yararlanacaqlar. OpenAI bildirib ki, reklamlar cavabların məzmununa təsir etməyəcək və “sponsorlu” etiketi ilə cavabların altında yerləşdiriləcək. Şirkət 18 yaşdan aşağı istifadəçilərə və sağlamlıq, psixi sağlamlıq, siyasət kimi həssas mövzularda reklamlara yer verilməyəcəyini vurğulayıb. İstifadəçilər reklamlarla bağlı rəy bildirə, onları gizlədə və ya fərdiləşdirməni söndürə biləcəklər. OpenAI bu addımı istifadəçi təcrübəsini qorumaqla dayanıqlı gəlir modeli qurmaq üçün sınaq mərhələsi kimi dəyərləndirib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova




Paylaş
Şərh əlavə et