ABŞ-nin avtomobil istehsalçısı Ford Motor Company və Çinin aparıcı avtomobil istehsalçılarından biri olan Geely Auto istehsal və texnologiya sahəsində mümkün strateji əməkdaşlıqla bağlı danışıqlar aparır.

Mənbələrin bildirdiyinə görə, tərəflər Ford-un Avropada yerləşən zavodlarından birində Geely markalı avtomobillərin istehsal imkanlarını nəzərdən keçirir. Belə bir əməkdaşlıq Geely-yə Avropa bazarında mövqelərini gücləndirməyə və idxal rüsumlarının təsirini azaltmağa kömək edə bilər.
Danışıqlar çərçivəsində şirkətlər həmçinin avtomobil texnologiyaları, o cümlədən proqram təminatı, elektrikli nəqliyyat vasitələri və avtonom idarəetmə sistemləri üzrə əməkdaşlıq imkanlarını müzakirə edirlər.
Qeyd olunur ki, müzakirələr hələ ilkin mərhələdədir və razılaşmanın əldə olunacağına dair yekun qərar verilməyib. Həm Ford, həm də Geely məsələyə dair rəsmi açıqlama verməkdən imtina edib.
Mənbə: Reuters
Tərcümə etdi: Zəhra Məlikova
