Çin elektrikli avtomobillərdə (EV) gizli qapı tutacaqlarını qadağan edib. Bu qərar, Tesla şirkətinin rəhbəri, multimilyarder İlon Mask tərəfindən populyarlaşdırılan mübahisəli dizaynlardan istifadəni dayandıran ilk ölkə olaraq Çini önə çıxarır.

Qərar Çində Xiaomi elektrikli avtomobillərinin iştirakı ilə baş vermiş və iki nəfərin ölümü ilə nəticələnmiş qəzalardan sonra qəbul edilib. Həmin hadisələrdə elektrik enerjisinin kəsilməsi səbəbindən qapıların açıla bilmədiyi güman olunur. Bu və oxşar insidentlər son dövrlərdə dünya üzrə təhlükəsizlik qurumlarının diqqətini cəlb edib.
Dövlət mediasının məlumatına görə, yeni qaydalara əsasən, avtomobillərin satışı yalnız qapıların həm içərisində, həm də çöl hissəsində mexaniki açma mexanizmi olduğu halda mümkün olacaq. Qaydaların 2027-ci il yanvarın 1-dən qüvvəyə minməsi planlaşdırılır.
Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin tələblərinə əsasən, baqaj qapısı istisna olmaqla, hər bir sərnişin qapısının çöl hissəsində tutacağa giriş üçün 6 sm x 2 sm x 2,5 sm ölçülərində boşluq olmalıdır. Avtomobilin içərisində isə qapının necə açıldığını göstərən ən azı 1 sm x 0,7 sm ölçüdə işarələr yerləşdirilməlidir.
Artıq rəsmi qurumlar tərəfindən təsdiqlənmiş və Çin bazarına çıxmaq üzrə olan modellərə dizaynlarını yeniləmək üçün əlavə iki il vaxt veriləcək.
Gizli qapı tutacaqları Çinin yeni enerji avtomobilləri (NEV) bazarında geniş yayılıb. Bu kateqoriyaya elektrikli avtomobillər, hibridlər və yanacaq elementləri ilə işləyən nəqliyyat vasitələri daxildir. Hökumətə bağlı "China Daily" qəzetinin məlumatına görə, bu dizayn ən çox satılan 100 NEV modelinin təxminən 60%-ində istifadə olunur.
Qaydalar yalnız Çin bazarında satılan avtomobillərə şamil edilsə də, ölkənin qlobal avtomobil sənayesindəki böyük payı bu qərarın dünya miqyasında təsir göstərə biləcəyini göstərir.
Teslanın qapı tutacaqları artıq ABŞ təhlükəsizlik tənzimləyiciləri tərəfindən araşdırılır, Avropada isə müvafiq qurumlar öz qaydalarını yenidən nəzərdən keçirirlər. 2025-ci ilin noyabrında ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) Teslanın elektriklə işləyən qapı tutacaqları ilə bağlı araşdırmaya başlayıb. Buna səbəb tutacaqların qəfil sıradan çıxması və uşaqların avtomobildə sıxışıb qalması ilə bağlı şikayətlər olub.
NHTSA bildirib ki, 2021-ci il Model Y avtomobilləri ilə bağlı doqquz rəsmi şikayət daxil olub. Bu hadisələrin dördündə avtomobil sahibləri çıxış yolu kimi şüşəni sındırmaq məcburiyyətində qalıblar.
Mənbə:BBC
Tərcümə etdi: Aişə Əlizadə
