Hollivudun tanınmış aktrisaları Ancelina Coli və Codi Foster 2026-cı ildə fransız dilli filmlərdə baş rollarda çıxış edərək kino ictimaiyyətinin diqqətini cəlb ediblər.
Ulduzların iştirak etdiyi filmlər Avstraliyada keçiriləcək Alliance Française French Film Festival 2026 çərçivəsində nümayiş olunacaq.
Ancelina Coli festivalda təqdim ediləcək Couture filmində rol alıb. Film Paris moda dünyasında işləyən bir qadının peşəkar fəaliyyəti ilə şəxsi həyatında qarşılaşdığı çətinlikləri əks etdirir. Filmin fransız dilində çəkilməsi aktrisanın yaradıcılığında yeni mərhələ kimi dəyərləndirilir.
Codi Foster isə A Private Life adlı filmdə psixoterapevt obrazını canlandırır. Süjet xəstəsinin ölümündən sonra hadisənin arxasındakı həqiqəti axtaran bir qadının daxili gərginliyini və araşdırmalarını ön plana çıxarır. Aktrisanın fransız dilindəki performansı müsbət qarşılanıb.
Qeyd edək ki, festival mart–aprel aylarında Avstraliyanın bir sıra şəhərlərində keçiriləcək və müasir fransız kinosunun seçilmiş nümunələrini tamaşaçılara təqdim edəcək. Mütəxəssislər dünya ulduzlarının fransız dilli filmlərdə yer almasını fransız kinosunun beynəlxalq təsirinin artmasının göstəricisi kimi qiymətləndirirlər.
Mənbə: Theaustralian.com.au
Tərcümə etdi: Aylin Bayraməliyeva
