Bu gün:

Beşbarmaqda arxeoloji tapıntı aşkarlanıb


Beşbarmaq qalasında aparılan qazıntılar zamanı həm İlk Tunc dövrünə aid mədəni təbəqə, həm də orta əsrlərdə fəaliyyət göstərmiş karvansarayın yeri müəyyən edilib.24media.az bildirir ki, bu barədə Dövlət Turizm Agentliyinin Mədəni İrsin Qorunması və İnkişafı şöbəsinin müdiri Elşən Mustafayev açıqlama verib. Onun sözlərinə görə, Beşbarmaq ərazisində aparılan son arxeoloji qazıntılar ölkə üçün mühüm elmi nəticələr verib və gələcək tədqiqatlar üçün yeni imkanlar açıb. O bildirib ki, qazıntıların 2026-cı ildə də davam etdirilməsi planlaşdırılır.

“Beşbarmaq arxeoloji ekspedisiyası”na rəhbərlik edən, AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri Səfər Aşurov isə qeyd edib ki, qalanın ikinci terrasındakı araşdırmalar burada İlk Tunc dövrünün, yəni Kür-Araz mədəniyyətinə aid mədəni təbəqənin mövcudluğunu təsdiqləyib. Onun sözlərinə görə, uzun müddətdir axtarılan və orta əsr səyyahlarının təsvir etdiyi karvansarayı tapmaq ekspedisiya üçün böyük nailiyyətdir.

Aşurov əlavə edib ki, ilkin qazıntılar zamanı karvansarayın ümumi strukturu müəyyən edilib və çoxsaylı maddi-mədəniyyət nümunələri üzə çıxıb. Tikilinin planının XVII əsr səyyahı Adam Olearinin təsvirlərinə uyğun gəlməsi, həmçinin tapılan numizmatik materiallar, qəlyan ucluqları və məhək daşı bu ərazinin məhz karvansaraya aid olduğunu bir daha sübut edir.

Qeyd edək ki, karvansaray haqqında son məlumatı XX əsrin 20-ci illərində sovet alimi Yevgeni Paxomov verib. Daha sonra aparılan tədqiqatlarda onun dəqiq yeri müəyyən edilə bilməyib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 8 iyun 2020-ci il tarixli Sərəncamı ilə Beşbarmaq dağı Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu yaradılıb və qoruq Siyəzən rayonunun Qalaşıxı kəndi ərazisini əhatə edir.

Aytac Musayeva

Paylaş
Şərh əlavə et