Bu gün:

Norveçdə “Bergen Beynəlxalq Festivalı 2026” keçiriləcək


Norveçin Bergen şəhərində Avropanın ən nüfuzlu mədəniyyət tədbirlərindən biri olan “Bergen Beynəlxalq Festivalı 2026” keçiriləcək. Festival 27 may-10 iyun 2026-cı il tarixlərini əhatə edəcək və bu müddət ərzində şəhər beynəlxalq mədəniyyət mərkəzinə çevriləcək.

1953-cü ildən etibarən təşkil olunan “Bergen Beynəlxalq Festivalı” musiqi, teatr, opera, rəqs və təsviri incəsənət sahələrini bir araya gətirən aparıcı mədəni platforma kimi tanınır. Festival hər il dünyanın müxtəlif ölkələrindən tanınmış sənətçiləri, orkestr və teatr kollektivlərini, eləcə də müasir incəsənət nümayəndələrini Bergenə toplayır.

2026-cı il proqramı çərçivəsində klassik və müasir musiqi konsertləri, teatr tamaşaları, opera və balet çıxışları, həmçinin müasir incəsənət sərgiləri təqdim olunacaq. Festivalın əsas məqsədi Skandinaviya mədəniyyətini beynəlxalq incəsənət mühiti ilə birləşdirmək və yaradıcılıq mübadiləsini təşviq etməkdir.

Tədbirlər Bergen şəhərinin müxtəlif tarixi və mədəni məkanlarında — konsert zalları, teatr səhnələri, açıq hava məkanları və qalereyalarda təşkil ediləcək. Bu isə festival iştirakçılarına həm yüksək səviyyəli incəsənət nümunələrini izləmək, həm də şəhərin zəngin mədəni irsi ilə yaxından tanış olmaq imkanı yaradacaq.

Qeyd edək ki, “Bergen Beynəlxalq Festivalı” hər il on minlərlə tamaşaçını cəlb edir və Norveçin mədəni həyatında mühüm rol oynayır.

Mənbə: Travel And Tour World

Tərcümə etdi: Zəhra Məlikova

Paylaş
Şərh əlavə et