Bu gün:

Microsoft 400 milyon istifadəçini çaşdırıb


Microsoft-un guya Office brendini “Microsoft 365 Copilot” ilə əvəzləməsi barədə yayılan iddialar sosial mediada geniş rezonans doğurub və milyonlarla istifadəçi arasında çaşqınlıq yaradıb.

Son günlər “Office öldü” iddiaları X platformasında sürətlə yayılıb. Xüsusilə Perplexity AI-nin “Microsoft Office "Microsoft 365 Copilot app" adlandırılıb və 400 milyon istifadəçi bir gecədə AI istifadəçisinə çevrilib” paylaşımı müzakirələri alovlandırıb.

"Windows Latest" və digər texnologiya saytları bildirir ki, bu qarışıqlığın əsas səbəbi Microsoft-un uzun müddətdir davam edən qarışıq məhsul adlandırma siyasətidir. Bir çox istifadəçi Office-in tamamilə ləğv edildiyini düşünüb.

Microsoft isə yayılan xəbərləri təkzib edib. Şirkət açıqlayıb ki, Word, Excel və PowerPoint kimi Office tətbiqləri dəyişməz qalır. Dəyişiklik yalnız Office hub tətbiqinin adının əvvəlcə “Microsoft 365”, daha sonra isə “Microsoft 365 Copilot” olaraq yenilənməsi ilə bağlıdır.

Media qurumları bu addımı sərt tənqid edib. The Verge və ZDNet-ə görə, Office hələ də mövcuddur, lakin Copilot brendinin hər yerə inteqrasiyası istifadəçilər üçün ciddi anlaşılmazlıq yaradır.

Mənbə: Forbes

Tərcümə etdi: Nərmin Məmmədzadə

 

Paylaş
Şərh əlavə et