Bu gün:

Almaniyada “yapışqan örtüklü İsa” səhnəsi sağçıların qəzəbinə səbəb olub


Almaniyada Milad gecəsi canlı yayımlanan kilsə ayinində İsanın doğuluşunun mübahisəli performansla göstərilməsi sağçı dairələrin kəskin reaksiyasına yol açıb.

Almaniyada Roma Katolik kilsəsinin bir yeparxiyası Milad gecəsi televiziya ilə yayımlanan ayində yeni doğulmuş İsanın yapışqan düyü kağızına bürünmüş yetkin qadın tərəfindən canlandırılmasına görə peşman olduğunu bildirərək açıqlama verib. Bəzi tənqidçilər səhnəni “selikli İsa” adlandırıb.

ARD televiziyası ilə Ştutqartdakı Müqəddəs Mariya kilsəsindən yayımlanan ayində yemlik səhnəsində qadın performans sənətçisi bükülmüş vəziyyətdə, döl pozasında uzanaraq yapışqan düyü kağızı ilə örtülüb.

Ayin aparıcısı keşiş Tomas Ştayger çıxışı zamanı “Doğum səhnəsi orada yazıq, çılpaq və müdafiəsiz uzanan real bir insanı göstərir”, - deyərək bildirib. Onun yanında aktyor qadın ağır-ağır nəfəs alaraq kağızın içində yavaş-yavaş qıvrılıb, bu örtüyün yeni doğulmuş körpəni örtən vernix qatını simvolizə etdiyi qeyd edilib.

Ştayger “Tanrının insan olmasının radikallığı məhz budur: yaxın, toxunulan, məsafəsiz və real”, - deyərək vurğulayıb. O, SWR-də efir keşişi kimi çalışıb.

Səhnənin müəllifi Milena Lorek İnstaqramda yemlikdəki fiqurun Yelena Sismanidu olduğunu qeyd edərək, səhnəni “təhlükəsizliklə sıxıntı arasında qeyri-müəyyən bir an” kimi düşündüyünü söyləyib.

İllərdir Almaniyanın ictimai yayımçılarını və onları maliyyələşdirən lisenziya haqlarını tənqid edən sağçı media orqanları səhnəni dindarlara hörmətsizlik adlandıraraq hücuma keçib.

Mənbə: The Guardian

Tərcümə etdi: Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et