Bu gün:

Malayziyadan X platformasına qarşı yeni qərarlar


Malayziya istifadəçi təhlükəsizliyini lazımi səviyyədə təmin etmədiyi səbəbilə X platformasına qarşı hüquqi addım atmağı nəzərdən keçirib. Ölkənin Rabitə naziri Fahmi Fadzil yanlış məlumatların yayılmasının ciddi problem olduğunu bildirib. O, bu məsələ ilə mübarizənin bütün aidiyyəti qurumların birgə məsuliyyəti olduğunu vurğulayıb.

Fahmi Fadzil Malayziya Rabitə və Multimedia Komissiyasının (MCMC) X platformasını məhkəməyə vermək ehtimalını dəyərləndirdiyini açıqlayıb. Nazir bu prosesi ötən il Telegram və bəzi mesajlaşma platformalarına qarşı açılan məhkəmə işləri ilə müqayisə edib. O, həmçinin regional idarələrin bu problemlə təkbaşına mübarizə apara bilməyəcəyini və sıx əməkdaşlığın vacib olduğunu qeyd edib. MCMC ictimai asayişi və dövlət qurumlarına olan etimadı təhdid edən məzmunlara qarşı mübarizəni davam etdirəcəyini bildirib. Qurum son olaraq X platformasına inteqrasiya olunan Grok adlı süni intellekt çatbotuna məhdudiyyət tətbiq edib. Malayziyanın bu addımı rəqəmsal platformalarda istifadəçi təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş prinsipial mövqe kimi qiymətləndirib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Fidan Mənsimova





Paylaş
Şərh əlavə et