Samsung-un fevralın sonunda təqdim etməsi gözlənilən Galaxy S26 Ultra modeli dizayn baxımından mühüm yeniliklərlə diqqət çəkir. Sızdırılan görüntülər göstərir ki, S Pen ilk dəfə olaraq telefonun korpus forması ilə tam uyğunlaşdırılıb və bu, istifadə zamanı hiss edilən ciddi fərq yaradır.

Galaxy S26 seriyasının rəsmi təqdimatına hələ vaxt olsa da, aksesuar istehsalçısı DuxDucis Galaxy S26 Ultra üçün hazırladığı qoruyucu üzlüklərin görüntülərini yayımlayıb. Bu şəkillər təkcə üzlükləri deyil, həm də telefonun dizaynını demək olar ki, tam şəkildə üzə çıxarıb.
Məlumatlara görə, Galaxy S26 Ultra-da kamera bloku yenilənib. Dörd kameradan üçü daha iri linzalarla bir kamera adasında yerləşir. Metal halqaların geri qayıtması da artıq demək olar ki, dəqiqləşib.
Dizaynda diqqət çəkən əsas dəyişikliklərdən biri də künclərlə bağlıdır. Samsung bu modeldə daha yumuru künclərə keçid edərək Note seriyasının kəskin xətlərindən uzaqlaşır. Galaxy S26 Ultra-nın küncləri S25 Ultra ilə müqayisədə daha yumşaq formaya malikdir.
Ən böyük fərqlərdən biri isə S Pen-də edilib. Samsung ilk dəfə olaraq S Pen-in yuxarı ucunu telefonun künc dizaynına uyğunlaşdırıb. Bu dəyişiklik qələmin yerləşdiyi yuvasının korpusun kənarına daha yaxın çəkilməsi ilə bağlıdır. Nəticədə, S Pen çıxarıldıqda alt hissədəki dəlik əvvəlki modellərə nisbətən iki bucaqdan qismən açıq qalır.
Samsung-un Galaxy S26 seriyasını 25 fevral 2026-cı il tarixində təqdim edəcəyi, cihazların isə 11 mart 2026-cı ildən satışa çıxarılacağı gözlənilir.
Mənbə: Summy Fans
Tərcümə etdi: Nərmin Məmmədzadə
