Yeni araşdırmaya görə, iOS 26-nın yayılma tempi əvvəlki versiyalarla müqayisədə xeyli zəifdir. Ekspertlər bunu Apple-ın dizayn qərarları və son illərdə artan proqram təminatı problemləri ilə əlaqələndirir.

iOS 26-nın quraşdırılma səviyyəsi buraxılış dövrünün eyni mərhələsində iOS 18-in göstəricisindən dörd dəfə azdır. Mütəxəssislər əsas səbəb kimi “Liquid Glass” adlı yeni dizayn dilini göstərir. İstifadəçilər bu dizaynı tənqid etdikdən sonra Apple bəzi şəffaflıq effektlərini söndürməyə icazə vermək məcburiyyətində qalıb.
Apple-ın uğuru uzun illər istifadəçi sədaqətinə əsaslanıb. Şirkətin məhsulları daha bahalı olsa da, müştərilər keyfiyyətə və stabil təcrübəyə güvənərək onları seçiblər. Lakin son illərdə proqram təminatında tez-tez yaşanan problemlər bu etibarı sarsıtmağa başlayıb.
Siri-nin zəif performansı, “Apple Intelligence” funksiyalarının hazır olmadan təqdim edilməsi və bəzi xidmətlərdə reklamların artırılması tənqidlərin əsas səbəblərindəndir. Analitiklər xəbərdarlıq edirlər ki, sədaqətə əsaslanan biznes modelində istifadəçiləri davamlı məyus etmək ciddi nəticələrə yol aça bilər.
Mənbə: Macworld
Tərcümə etdi: Nərmin Məmmədzadə
