Bu gün:

Günəş enerjisindən gecə də istifadə etməyə imkan verən texnologiya hazırlanıb


Elm adamları günəş enerjisindən yalnız gündüz yox, gecə saatlarında da istifadə etməyə imkan verən yeni texnologiya üzərində böyük irəliləyiş əldə ediblər. Bu yenilik gələcəkdə enerji böhranının həllində mühüm rol oynaya və klassik günəş panellərinin imkanlarını xeyli genişləndirə bilər.

Adətən günəş panelləri yalnız günəş şüaları altında işləyir. Günəş batdıqda enerji istehsalı dayanır və bu səbəbdən əlavə akkumulyatorlardan istifadə etmək lazım gəlir. Yeni texnologiyada isə panellər yalnız işıqdan yox, temperatur fərqindən də enerji əldə edir. Gün ərzində Günəşdən qızmış panel gecə hava soyuduqca istiliyini itirir və bu istilik fərqi xüsusi generatorlar vasitəsilə elektrik enerjisinə çevrilir.

Alimlər bildirirlər ki, bu sistem həm ucuz, həm də ekoloji cəhətdən təmizdir. Ən önəmlisi isə odur ki, gecə enerji istehsalı davam etdiyi üçün böyük batareyələrdən asılılıq azalır. Bu, xüsusilə kənd yerlərində, dağlıq ərazilərdə və elektrik şəbəkəsi zəif inkişaf etmiş regionlarda çox faydalı ola bilər.

Yeni qurğular sınaq mərhələsindədir, lakin ilkin nəticələr ümidvericidir. Tədqiqatçıların fikrincə, texnologiya inkişaf etsə, gələcəkdə evlər, məktəblər və hətta şəhərlər gecə-gündüz fasiləsiz olaraq günəş enerjisi ilə işləyə biləcək. Bu isə həm xərcləri azaldacaq, həm də ətraf mühitin çirklənməsinin qarşısını almağa kömək edəcək.

Mənbə: The Times of India

Tərcümə etdi: Turqut Ansari

Paylaş
Şərh əlavə et