Bir vaxtlar süni intellekt deyəndə ağla yalnız ChatGPT gəlirdi. Bu gün isə Google və Microsoft-un güclü AI çat-botları – Gemini və Copilot – istifadəçilərin qarşısında real seçim yaradıb. Bəs hansı daha faydalıdır?

Son illərdə süni intellekt bazarı sürətlə dəyişib. Google-un Gemini platforması aylıq 650 milyondan çox istifadəçiyə çataraq böyük populyarlıq qazanıb. Microsoft-un Copilot-u isə 150 milyon istifadəçi ilə daha dar, lakin daha konkret auditoriyaya xitab edir. Hər iki sistem özünü “ən yaxşı süni intellekt köməkçisi” kimi təqdim edir: e-mail yazır, kod hazırlayır, araşdırma aparır.
Gemini daha çox araşdırma ilə sinonimləşib. İstifadəçilər onun mürəkkəb sorğuları başa düşməsini, mətn və şəkillərlə eyni vaxtda işləməsini və Google ekosisteminə dərin inteqrasiyasını yüksək qiymətləndirirlər. Copilot isə “işi görən AI” kimi tanınır – e-maillərin yazılması, Excel cədvəllərinin avtomatlaşdırılması və Visual Studio Code-da birbaşa kodun tamamlanması onun əsas üstünlükləridir.
Maraqlıdır ki, Microsoft-un öz süni intellekt rəhbəri belə açıq şəkildə etiraf edib ki, Gemini-3 Copilot-un bacarmadığı işləri görə bilir.
Gemini xüsusilə araşdırma, kontent istehsalı və böyük həcmli məlumatlarla işləməkdə ön plana çıxır. Bundan əlavə, Gemini mümkün olduqda mənbə və istinadlar təqdim edir ki, bu da dərin araşdırma aparanlar üçün böyük üstünlükdür.
Copilot isə əsasən Microsoft 365 istifadəçilərinə xitab edir. Word, Excel, PowerPoint, Outlook və Teams-ə birbaşa inteqrasiya olunaraq, Word sənədini PowerPoint təqdimatına çevirmək və ya mürəkkəb Excel analizlərini bir neçə cümlə ilə hazırlamaq mümkündür.
Lakin hər iki platformanın problemləri də var. Gemini ilə bağlı əsas şikayətlərdən biri qısa yaddaş və kontekstin qəfil itməsidir. İstifadəçilər saatlarla apardıqları söhbətlərin xəbərdarlıq olmadan silindiyini bildirirlər. Bundan əlavə, Google məxfi məlumatların Gemini ilə paylaşılmamasını tövsiyə edir ki, bu da məxfilik baxımından suallar yaradır.
Copilot-da isə tez-tez çökmələr, sessiya itkiləri və səhv cavablar müşahidə olunur. Xüsusilə, Excel formulaları və texniki problemlərin həlli zamanı yanlış tövsiyələr verilməsi rəsmi forumlarda da qeyd edilib. Üstəlik, Copilot-un bir çox qabaqcıl funksiyası yalnız ödənişli Microsoft 365 paketlərində mövcuddur.
Nəticədə, Gemini daha çox araşdırma və yaradıcı işlər üçün, Copilot isə məhsuldarlıq və ofis işləri üçün daha uyğundur. Hansını seçmək isə istifadəçinin ehtiyaclarından və hansı ekosistemdə çalışmasından asılıdır.
Mənbə: BCG
Tərcümə etdi: Nərmin Məmmədzadə
