İstanbulun tarixi məkanlarında Osmanlı dövrünə aid nadir memarlıq nümunələri gizlənilib. Bu nümunələrdən biri də daşdan oyulmuş və quşlar üçün tikilmiş “quş sarayları”dır. Əsrlər keçsə də, bu tikililər şəhərin mədəni irsinin vacib hissəsi olaraq qalıb.
XVI–XIX əsrlərdə inşa edilən quş sarayları Osmanlıların heyvanlara olan mərhəmətini və dini dünyagörüşünü əks etdirib. Onlar əsasən məscidlərin və digər ictimai binaların divarlarında yerləşdirilirdi, həm estetik, həm də praktik məqsəd daşıyırdı. Bu quruluşlar quşların təhlükəsiz yuva salmasına şərait yaradır və şəhərin ekoloji balansına töhfə verirdi. Bu gün quş saraylarının bir çoxu zamanın təsiri ilə zədələnib və diqqətdən kənarda qalıb. Buna baxmayaraq, onlar keçmişdə insanla təbiət arasında mövcud olan harmoniyanı xatırladır. Quş sarayları müasir şəhər həyatında da təbiətə hörmətlə yanaşmağın mümkün olduğunu göstərən dəyərli nümunələrdir.
Mənbə: BBC NEWS
Tərcümə etdi: Fidan Mənsimova
