ABŞ administrasiyası İtaliyadan idxal olunan makaron məhsullarına qarşı planlaşdırılan yüksək rüsumları geri çəkib. Daha əvvəl 13 İtaliya istehsalçısı üçün 90%-dən artıq tarif nəzərdə tutulsa da, son qərarla bu göstəricilər xeyli azaldılıb.

ABŞ Ticarət Nazirliyi İtaliyadan idxal olunan makaron məhsullarına tətbiq olunması planlaşdırılan yüksək tariflərin yumşaldıldığını açıqlayıb. Donald Tramp administrasiyası bu qərarı İtaliya istehsalçılarının ABŞ tərəfinin irəli sürdüyü narahatlıqların böyük hissəsini aradan qaldırması ilə əsaslandırıb.
İtaliyanın Xarici İşlər Nazirliyi qərarı müsbət qiymətləndirərək bunu “İtaliya şirkətlərinin konstruktiv əməkdaşlığının ABŞ tərəfindən tanınması” kimi dəyərləndirib. Nazirliyin açıqlamasına görə, La Molisana brendi üçün tarif dərəcəsi 2,26%-ə qədər endirilib, digər istehsalçılar üçün isə rüsumlar 13,98%-dən yuxarı olmayacaq. ABŞ tərəfi bildirib ki, yekun qərar verilməzdən əvvəl maraqlı tərəflərlə danışıqlar davam etdiriləcək.
Qeyd edək ki, Tramp administrasiyası son aylarda bəzi digər idxal rüsumlarını da yumşaldıb.
Mənbə: BBC
Tərcümə etdi: Nərmin Məmmədzadə
