Bu gün:

Fransız kino əfsanəsi Brijit Bardo 91 yaşında vəfat edib


Dünya şöhrətli fransız aktrisa və müğənni, daha sonra isə kino karyerasını yarımçıq qoyaraq özünü heyvan haqları uğrunda mübarizəyə həsr edən Brijit Bardo 91 yaşında dünyasını dəyişib.

Brijit Bardo­nun vəfatı bazar günü onun yaratdığı Brijit Bardo Fondu tərəfindən Agence France-Presse-ə göndərilən açıqlama ilə təsdiqlənib. Açıqlamada ölümün dəqiq vaxtı və yeri bildirilməyib.

Fransa prezidenti Emmanuel Makron sosial şəbəkədə Bardonu “azad həyat tərzini təcəssüm etdirən” və “ümumbəşəri parıltıya malik” bir şəxsiyyət kimi xarakterizə edərək ölkənin “əsrin bir əfsanəsini” itirdiyini bildirib.

Bardo 1956-cı ildə “Və Tanrı Qadını Yaratdı” filmi ilə beynəlxalq şöhrət qazanmış, növbəti iki onillikdə Fransa kinosunun ən tanınmış simalarından birinə çevrilmişdi. 1970-ci illərin əvvəlində aktyorluqdan imtina edən Bardo həyatını əsasən heyvanların müdafiəsinə həsr edib və 1986-cı ildə Brijit Bardo Fondunu təsis edib.

Eyni zamanda onun miqrasiya, din və azlıqlarla bağlı sərt və qalmaqallı açıqlamaları Fransa məhkəmələri tərəfindən dəfələrlə irqçi nifrət çağırışları kimi qiymətləndirilib və cərimələrə səbəb olub.

Brijit Bardo Fransa kinosunun simvolu olmaqla yanaşı, XX əsrin mədəni və ictimai həyatında dərin iz buraxan, ziddiyyətli, lakin təsirli bir fiqur kimi yadda qalacaq.

Mənbə: The Guardian

Tərcümə etdi: Nərmin Məmmədzadə


Paylaş
Şərh əlavə et