Hollandiyada yağlı çörəyin üzərinə səpilən şokoladlı şəkər dənəciklərindən hazırlanan hagelslag sendviçi bir çox əcnəbi üçün qəribə görünsə də, yerli əhali onun əhval-ruhiyyəni yüksəltdiyinə inanır.
Hagelslag – mənası “dolu yağışı” olan, xırda və xırtıldayan şokoladlı şəkər dənəcikləridir. Dünyanın əksər ölkələrində tort bəzəyi kimi istifadə olunsa da, Hollandiyada bu məhsul yağlı çörəyin üzərinə səpilərək səhər yeməyi, qəlyanaltı və ya nahar kimi yeyilir. Ölkədə hər il 14 milyon kiloqramdan çox hagelslag istehlak olunur və gündə təxminən 750 min hagelslag sendviçi yeyilir.
Bu ənənənin kökləri XIX əsrin sonlarına gedib çıxır və məşhur De Ruijter brendi ilə bağlıdır. Hagelslag zamanla milli mətbəxin simvollarından birinə çevrilib, hətta Hollandiya kral ailəsi tərəfindən də sevilib.
Bir çox holland üçün hagelslag təkcə şirin dad deyil, həm də uşaqlıq xatirələri və sadə xoşbəxtlik hissidir. Qidalanma baxımından məntiqsiz sayılsa da, ölkədə demək olar ki, hər evdə bir paket hagelslag tapılır və bu vərdiş hər yaşdan insan tərəfindən davam etdirilir.
Mənbə: BBC
Tərcümə etdi: Nərmin Məmmədzadə
