ABŞ-li aktrisa Sidni Svini insanların həyatına təsir göstərəcək və onları xilas edə biləcək filmlər çəkmək istədiyini BBC-yə açıqlayıb.
28 yaşlı aktrisa bu il məişət zorakılığı mövzusuna toxunan “The Housemaid” adlı psixoloji triller və boksçu ‘Kristi Martinin’ həyatından bəhs edən “Christy” bioqrafik filmində rol alıb. Svini bu mövzunun “geniş yayılmış” olduğunu vurğulayaraq, bu tip rolları canlandırarkən “böyük məsuliyyət və diqqətlə” yanaşdığını bildirib. “Daha kommersiya yönümlü bir filmin çətin və həssas bir mövzunu gündəmə gətirməsi çox vacibdir”, – deyə o əlavə edib.
Hazırda Sidni Svini Freida MakFaddenin 2022-ci ildə eyni adlı romanı əsasında çəkilən “The Housemaid” filmində “Milli Kallouey” obrazını canlandırır. Beynəlxalq bestsellerə çevrilmiş roman TikTok-da da oxucu icması arasında böyük populyarlıq qazanıb. Svini kitabın böyük pərəstişkarı olduğunu və bütün obrazları sevdiyini bildirib.
“Mürəkkəb, dramatik, çılğın və gözlənilməz hekayələri sevirəm. Bu, mənim üçün xəyal layihəsidir”, – deyə aktrisa əlavə edib.
Filmdə həmçinin Amanda Seyfrid və Brendon Sklenar Nina və Endryu Vinçester rollarında çıxış edir. Onlar Svininin canlandırdığı obrazı evlərinə işə götürən cütlüyü təsvir edirlər. Amanda Seyfrid və Sidni Svini "The Housemaid" filmində iki qadın baş rolu üçün fiziki oxşarlıqlarına görə seçiliblər. Lakin Seyfridin sözlərinə görə, bu oxşarlıqlar bununla məhdudlaşmır.
“Aramızda qəribə dərəcədə böyük bir oxşarlıq var. Oxşar həyat tərzi sürən, işə və həyata eyni baxış bucağına malik insanlarla işləmək çox maraqlıdır”, – deyə Seyfrid bildirib. Sidni Svini də onların arasında formalaşan münasibətin xüsusi “dinamikaya” malik olduğunu qeyd edərək, bir-birinin yanında olmaqdan zövq aldıqlarını və bu münasibətin obrazların daha dərindən kəşf edilməsinə imkan yaratdığını deyib.
Mənbə: BBC News
Tərcümə etdi: Emiliya Vəlicanova
