Bu gün:

Yelisey Sarayında oğurluq qalmaqalı


Fransanın siyasi mərkəzi sayılan Yelisey Sarayı oğurluq qalmaqalı ilə gündəmə gəlib. Paris Prokurorluğu Prezidentin rəsmi iqamətgahında çalışan gümüş servisə cavabdeh bir əməkdaşın minlərlə avro dəyərində gümüş süfrə və servis ləvazimatlarını oğurlamaq şübhəsi ilə saxlanıldığını açıqlayıb.

Məlumata görə, Yelisey Sarayının baş eşikağası inventarda çatışmazlığı aşkar edərək məsələni aidiyyəti qurumlara bildirib. İlkin hesablamalara əsasən, oğurlanan əşyaların dəyəri 15 min ilə 40 min avro arasında qiymətləndirilir.

Sarayın mebel və süfrə dəstlərinin əsas təchizatçısı olan Sevr İstehsalatı itkin düşmüş bəzi əşyaların internetdə açıq artırma saytlarında satışa çıxarıldığını müəyyən edib. Aparılan yoxlamalar istintaqı gümüş əşyalara cavabdeh olan əməkdaşa yönəldib. Araşdırma zamanı şübhəlinin süfrə dəstləri satan bir şirkətin rəhbəri ilə əlaqəsinin olduğu üzə çıxıb. Onun onlayn satış profilində ümumi istifadəyə açıq olmayan, üzərində “Fransa Hərbi Hava Qüvvələri” yazısı olan boşqablar və “Sevr İstehsalatı” möhürlü külqabılar aşkarlanıb.

Şübhəlinin şəxsi dolabında, avtomobilində və evində aparılan axtarışlar zamanı təxminən 100 ədəd əşya müsadirə edilib və Yelisey Sarayına qaytarılıb.

Üç nəfər saxlanılan şəxs “milli irsin bir hissəsi olan daşınar əmlakın oğurlanması” və “oğurluq malın qəbulu” maddələri ilə ittiham olunur. Onlar cümə axşamı hakim qarşısına çıxarılıb. Növbəti məhkəmə iclasının 26 fevral tarixinə təyin edildiyi, sanıqların bir-biri ilə əlaqə saxlamalarının və peşə fəaliyyəti ilə məşğul olmalarının müvəqqəti olaraq qadağan edildiyi bildirilib.

Mənbə: CNN News

Tərcümə etdi: Emiliya Vəlicanova

Paylaş
Şərh əlavə et