Kosmosdan gələn sirli mavi işıq parıltıları on ildən artıqdır ki, alimləri düşündürürdü. Bu qeyri-adi hadisələrin səbəbi uzun müddət adi ulduz partlayışı kimi izah edilib. Aparılan son tədqiqatlar isə bu yanaşmanın doğru olmadığını göstərib.
Araşdırmalar müəyyən edib ki, mavi parıltılar “ulduzun parçalanması hadisəsi” adlanan nadir kosmik proses nəticəsində yaranıb. Güclü cazibə qüvvəsinə malik qara dəlik nəhəng ulduzu özünə çəkərək onu çox qısa müddətdə hissələrə ayırıb. Bu zaman ayrılan böyük enerji mavi işıq, ultrabənövşəyi və rentgen şüaları şəklində kosmosa yayılır.
Bu kəşf kainatda baş verən ən parlaq hadisələrin arxasında son dərəcə dağıdıcı proseslərin dayandığını göstərib. Alimlər belə hadisələrin kainatın quruluşunu və inkişafını anlamaqda mühüm əhəmiyyət daşıdığını bildiriblər. Beləliklə, sakit görünən kosmik işıqların arxasında əslində böyük bir məhvolma hekayəsi gizlənir.
Tərcümə etdi: Fidan Mənsimova
