OpenAI ChatGPT üçün yeni tətbiq mağazasını istifadəyə verib. Beta mərhələsində təqdim olunan bu yenilik istifadəçilərə Spotify, Expedia, Canva və digər məşhur platformaları birbaşa chatbot üzərindən idarə etməyə imkan verir.
![]()
OpenAI aylardır üzərində çalışdığı yeni mərhələni gerçəkləşdirib. ChatGPT artıq öz tətbiq mağazasına sahibdir. Bu mağaza vasitəsilə dünyanın ən məşhur tətbiq və xidmətlərini chatbot interfeysindən çıxmadan istifadə etmək mümkündür.
Əvvəllər istifadəçilər ChatGPT-də müəyyən tətbiqlərdən yararlanmaq üçün onları sorğuda xüsusi olaraq qeyd etməli idilər. Məsələn, “Booking.com vasitəsilə San-Fransiskoda ucuz hotel tap” yazıldıqda sistem avtomatik olaraq uyğun düymə təqdim edirdi. Yeni tətbiq mağazası isə bu prosesi daha da sadələşdirir.
Hazırda ChatGPT-nin sol menyusunda yerləşən “Apps” bölməsindən (beta rejimində) istənilən tətbiqi qoşmaq mümkündür. Qoşulduqdan sonra sorğunun əvvəlində @ işarəsi ilə tətbiqin adını yazmaq kifayətdir. Məsələn: “@Spotify, 90-cı illərin rok musiqilərindən ibarət pleylist hazırla”.
Mağazada artıq çoxsaylı məşhur tətbiqlər yer alır: Spotify, Expedia, AllTrails, Canva, Figma, Zillow, Coursera, Instacart, OpenTable və digərləri. OpenAI bildirir ki, istənilən tərtibatçı öz tətbiqini mağazaya təqdim edə bilər və onlar Apple App Store və Google Play Store-a bənzər şəkildə yoxlanılaraq əlavə olunur.
İstifadəçilər Spotify ilə avtomatik pleylistlər yarada, Expedia ilə uçuş və hotelləri dəqiq filtrasiya edə, Zillow ilə ev axtarışını daha spesifik şəkildə apara bilirlər. Canva və Figma inteqrasiyaları isə dizayn və təqdimatların cəmi bir neçə dəqiqəyə hazırlanmasına imkan verir.
Xüsusilə Coursera tətbiqi təhsil sahəsində diqqət çəkir. İstifadəçilər ChatGPT vasitəsilə istədikləri mövzuda onlayn kurs və videolar tapa bilirlər — Roma imperiyasından süni intellektə qədər.
Yeni tətbiq mağazası ChatGPT-ni sadəcə sual-cavab alətindən çıxararaq, gündəlik işləri yerinə yetirən çoxfunksiyalı rəqəmsal asistenta çevirir. OpenAI-nin bu addımı süni intellektin real həyat tətbiqlərində rolunu daha da gücləndirir.
Mənbə: Tomsguide.com
Tərcümə etdi: Nərmin Məmmədzadə
