Yaponiya hökuməti ölkənin milli süni intellekt modelinin hazırlanması məqsədilə özəl sektorla birgə genişmiqyaslı layihə həyata keçirməyi planlaşdırır. Layihə çərçivəsində təxminən 3 trilyon yen (təqribən 19 milyard ABŞ dolları) vəsaitin ayrılması nəzərdə tutulur.

24Media.az xəbər verir ki, bu təşəbbüsdə SoftBank da daxil olmaqla 10-dan çox yerli iri şirkət iştirak edəcək. Məlumata görə, Yaponiya hökuməti layihə xərclərinin təxminən üçdə birini maliyyələşdirəcək, qalan vəsait isə özəl şirkətlərin investisiyaları hesabına qarşılanacaq.
Milli süni intellekt modelinin inkişafına 2026-cı ildən başlanacağı gözlənilir. Layihənin əsas məqsədi Yaponiya dilinə və ölkənin sosial-iqtisadi xüsusiyyətlərinə uyğun, yerli ehtiyacları qarşılayan süni intellekt platforması yaratmaqdır.
Qeyd edək ki, Yaponiya son illər süni intellekt, yarımkeçirici texnologiyalar və rəqəmsal innovasiyalar sahəsində qlobal rəqabətdə mövqelərini gücləndirməyə çalışır. Yeni AI təşəbbüsü ölkənin texnoloji müstəqilliyini artırmaq və xarici platformalardan asılılığı azaltmaq strategiyasının mühüm hissəsi kimi qiymətləndirilir
Sona Osmanova
