Paris teatrında feminist fəalları təhqir edən ifadə işlətməsi videoya düşdükdən sonra Fransa prezidentinin həyat yoldaşı Bricit Makron barəsində 300-dən çox qadın tərəfindən hüquqi şikayət verilib.

Fransa prezidentinin həyat yoldaşı Bricit Makron Parisdə bir teatr tamaşası zamanı feminist etirazçılar haqqında təhqiramiz ifadələr səsləndirməsi videoya düşdükdən sonra bir sıra təşkilatlar, o cümlədən qadın hüquqlarını müdafiə edən qruplar tərəfindən məhkəməyə verilib.
Fransız feminizmi üçün tarixi simvol sayılan 343 qadın bu həftə Fransanın birinci xanımına qarşı ictimai təhqir maddəsi üzrə rəsmi şikayət təqdim edib.
Keçən həftə yayımlanan videoda Makronun Parisdə yerləşən Foli Berjer teatrının kulisində fransız aktyor və komediyaçı Ari Abittanla söhbət etdiyi görünür. O, tamaşaya qızı və dostları ilə birlikdə qatılıb. Tamaşadan bir gün əvvəl feminist fəallar tədbiri pozaraq aktyora cinsi zorakılıq ittihamları ilə bağlı şüarlarla etiraz edib.
Videoda Makron Abittandan özünü necə hiss etdiyini soruşub, aktyor isə qorxu keçirdiyini bildirib. Bunun ardınca Makron etirazçıları alçaldıcı ifadələrlə xarakterizə edib və yenidən görünəcəkləri halda zaldan uzaqlaşdırılacaqlarını deyib.
Şikayəti təqdim edən feminist qrupların vəkili Jülyet Şapel France Inter radiosuna açıqlamasında bildirib ki, birinci xanımın sözləri ictimai əhəmiyyət daşıyıb: “O, Fransanın birinci xanımıdır və dedikləri cəmiyyət üçün nümunə hesab olunub”.
Şapel qeyd edib ki, Makronun qadın hüquqları ilə bağlı ictimai çıxışları ilə real davranışı arasında ziddiyyət müşahidə olunub.
Ari Abittan barəsində 2021-ci ildə irəli sürülmüş təcavüz ittihamı üzrə istintaq 2024-cü ildə məhkəməyə göndərmək üçün kifayət qədər sübut olmadığı əsas gətirilərək dayandırılıb. Bu qərar 2025-ci ilin yanvarında apellyasiya instansiyası tərəfindən təsdiqlənib.
Mənbə:The Guardian
Tərcümə etdi:Fərid Tapdıqov
