Xaçmaz rayonunda fermerlər tərəfindən payızlıq əkinlər və çoxillik bitkilərlə bağlı bəyan prosesi davam edir. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzərindən aparılan qeydiyyat nəticəsində minlərlə fermer subsidiya almaq hüququ qazanıb.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, taxıl səpinini başa çatdıran fermerlər EKTİS-də şəxsi kabinetlərini aktivləşdirərək torpaq mülkiyyətinə dair sənədləri və əkin məlumatlarını sistemə daxil edirlər. Paralel olaraq çoxillik əkmələrin bəyanı da həyata keçirilir.
Bildirilib ki, bəyan prosesi zamanı fermerlərə bölgələrdə fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərində texniki dəstək göstərilir. Fermerlər müvafiq sıra növbəsi götürərək xidmət pəncərələrinə yaxınlaşır və sənədlərini DAİM əməkdaşlarının köməyi ilə EKTİS-ə daxil edirlər.
Məlumata görə, dekabrın 17-dək Xaçmaz rayonu üzrə 8 188 fermer əkinlərini bəyan edib. Ümumilikdə EKTİS-ə 22 917 bəyan sənədi yüklənib. Rayon meyvəçilik üzrə ixtisaslaşdığı üçün sənədlərin 77 faizi, yəni 17 635 bəyan çoxillik əkmələrlə bağlıdır. Payızlıq əkinlər üzrə isə 5 282 bəyan qeydə alınıb.
Əkin bəyanları ümumilikdə 20 912 hektar ərazini əhatə edir. Elektron subsidiya mexanizmi əkinlərin strukturunu dəqiq müəyyənləşdirməyə və aqrar sahədə statistik təhlillərin aparılmasına imkan yaradır.
Qeyd edək ki, respublika üzrə payızlıq əkinlərin EKTİS-də bəyan olunması prosesi dekabrın 30-da başa çatacaq.
Arzu Qafarova
