Bu gün:

Apple iPhone 20 ilə tam çərçivəsiz dövrə keçir


Apple-ın 2027-ci ildə təqdim etməyi planlaşdırdığı iPhone 20 modeli tam çərçivəsiz (“all screen”) dizayn və dörd tərəfdən əyilən OLED ekranla gələ bilər. Yeni dizaynın istehsalı üçün LG Display-nin təxminən 300 milyon dollar sərmayə yatırmağa hazırlaşdığı bildirilir.

 iPhone 20 Apple-ın 2007-ci ildə ilk iPhone-u təqdim etməsinin 20 illiyini qeyd edəcək. Omdianın baş araşdırmaçısına görə, bu prosesdə “iPhone 19” adı buraxılacaq. Ad dəyişikliyi ilə yanaşı cihazın dizaynında da köklü yeniliklər gözlənilir. Məlumata görə, 2027-ci ilin üçüncü rübündə çıxması planlaşdırılan iPhone 20 tam ekran dizaynına sahib olacaq və ekranda heç bir görünən kəsik olmayacaq.

Tam çərçivəsiz dizaynın reallaşması üçün ön kamera, TrueDepth sensoru və Face ID üçün lazım olan bütün komponentlərin ekranın altına yerləşdirilməsi planlaşdırılır. Qeyd olunur ki, iPhone 18 seriyası və iPhone Fold modellərində ekranaltı Face ID texnologiyası sınaqdan keçirilə bilər. Bu da Apple-ın ilk mərhələdə yalnız ön kamera üçün kiçik “punch-hole” kəsiyi saxlaması ehtimalını artırır.

Hazırda Samsung iPhone Fold üçün qatlanan OLED ekranların tədarükünə fokuslansa da, LG Display iPhone 20 üçün tələb olunan yeni texnologiyanı reallaşdırmaq məqsədilə istehsal xətlərini yenidən qurmalıdır. Koreya şirkətinin bu məqsədlə təxminən 400 milyard von (təxminən 300 milyon dollar) sərmayə yatıracağı və Apple üçün 10-a yaxın istehsal xətti yarada biləcəyi bildirilir.

Mənbə: wccftech

Tərcümə etdi: Nərmin Məmmədzadə

Paylaş
Şərh əlavə et