Bu gün:

Kompüterlərin gələcəyi göbələklər ola bilər


Ohayo Dövlət Universitetinin alimləri göbələklər əsasında fəaliyyət göstərən “bioloji kompüterlər”in yaradılması istiqamətində mühüm addım atıblar. 2025-ci ilin oktyabrında PLoS One jurnalında dərc olunan araşdırma göbələklərin alternativ hesablama texnologiyası kimi istifadə oluna biləcəyini göstərib.

Tədqiqatçılar göbələklərin miselyum adlanan şəbəkə strukturlarının elektrik siqnalları ötürə bildiyini və üzvi “memristor” kimi fəaliyyət göstərdiyini müəyyən ediblər. Təcrübələr zamanı Şiitake göbələkləri RAM funksiyasını yerinə yetirərək saniyədə 5850-ə qədər elektrik keçidi həyata keçirib və bu proses 90 faiz dəqiqliklə baş verib.


Alimlər bildirirlər ki, göbələk əsaslı kompüterlər hazırda ənənəvi cihazlardan daha yavaş və böyük olsa da, onların əsas üstünlüyü ekoloji təhlükəsizliyidir. Bioloji parçalana bilmələri və az enerji tələb etmələri bu texnologiyanı davamlı gələcək üçün perspektivli edir.


Mənbə: NTV Haber

Tərcümə etdi: Asiya Zeynallı

Paylaş
Şərh əlavə et