Niderlandda McDonald’s tərəfindən yayımlanan süni intellektlə hazırlanmış Yeni il reklamı sosial şəbəkələrdə mənfi reaksiyaya səbəb olduğuna görə şirkət tərəfindən geri götürülüb.

McDonald’s Niderlandda yayımladığı süni intellektlə hazırlanmış Yeni il reklamını onlayn tənqidlərin artmasından sonra geri çəkib. “The most terrible time of the year” (“İlin ən dəhşətli vaxtı”) adlı reklamda bayram günlərində yaşanan xaotik mənzərələr əks olunub - tıxacda qalmış Şaxta baba və hədiyyələrlə yüklənmiş holland velosipedçinin qarlı yolda sürüşüb yıxılmaq həddinə gəlməsi kimi epizodlar göstərilib. Mesaj isə belə təqdim olunub: Bayram stressindən yayınmaq üçün McDonald’s restoranına sığınıb Yeni il mövsümü bitənədək gözləmək.
Sosial şəbəkələrdə reklam tənqid olunub. Bir istifadəçi yazıb: “Bu reklam Yeni il ovqatımı məhv edib”.
McDonald’s Niderland açıqlamasında bildirib: “Reklamın məqsədi Niderlandda bayram dövründə yaşanan stresli anları göstərmək olub. Lakin sosial şərhlər və beynəlxalq media reaksiyaları göstərib ki, çoxsaylı qonaqlar üçün bu dövr ‘ilin ən möhtəşəm vaxtıdır”.
Reklamı hazırlayan Sweetshop Films şirkətinin baş direktoru Melani Bridge süni intellektdən istifadənin müdafiəsinə çıxıb: “Bu, heç vaxt sənəti əvəz etmək məqsədi daşımayıb, alət imkanlarını genişləndirməkdən ibarətdir”.
Coca-Cola da bu il süni intellektlə hazırlanmış Yeni il reklamı təqdim edib və video əsasən qarlı mühitdə təsvir olunan sevimli heyvan fiqurlarından ibarət olub.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
