Bu gün:

"Süni intellekt heç vaxt yeganə qərar verən olmamalıdır"-Müsahibə


24media.az -ın “1 sual, 1 cavab” rubrikasının budəfəki qonağı süni intellekt (Sİ) üzrə mütəxəssis Natiq Məmişovdur. O, süni intellekt vasitəsilə əldə edilən informasiyaların nə qədər etibarlı olmasından danışıb. 

- İnsanlar süni intellektdən gələn məlumat və təkliflərə nə qədər etibar etməlidirlər? 

Sİ-yə 100 faiz güvənmək düzgün yanaşma deyil, çünki bu sistemlər hər nə qədər inkişaf etsə də, hələ də səhv edə, faktları qarışdıra və ya köhnəlmiş məlumat təqdim edə bilir. Bəzən mənbələri göstərmir, bəzən konteksti yanlış anlayır. Ona görə də süni intellekt ağıllı bir köməkçidir, amma heç vaxt son sözü deyən tərəf olmamalıdır. 

Aşağı riskli mövzularda, məsələn, ümumi məlumat, yaradıcı ideyalar, mətn yazma, təqdimat quruluşu və s. Sİ-dən rahat şəkildə baza kimi istifadə etmək olar, sadəcə məntiqi və kontekstə uyğunluğunu bir dəfə özün də süzgəcdən keçirməlisən. 

Karyera məsləhəti, biznes ideyası, tədris planı kimi orta riskli mövzularda Sİ-yi məsləhətçi kimi qəbul etmək mümkündür, amma mütləq digər mənbələrlə və ən azı bir real mütəxəssisin fikri ilə də qarşılaşdırmaq lazımdır. 

Yüksək riskli məsələlərə gəldikdə isə - tibb, hüquq, maliyyə, təhlükəsizlik və kritik mühəndislik qərarları - burada qayda çox sərtdir: Sİ heç vaxt yeganə qərar verən olmamalıdır. O, həkimin, hüquqşünasın, maliyyə mütəxəssisinin və ya mühəndisin yerini tutmur, sadəcə sənə məlumatı daha anlaşıqlı təqdim edir, variantları sıralayır və sualı daha yaxşı formalaşdırmağa kömək edir. 

Sİ-dən gələn cavabla işləyən zaman insan özünə həmişə soruşmalıdır: Bu mövzu risklidirmi? Bu məlumatı başqa mənbədən təsdiq edə bilərəmmi? Məntiqə uyğun gəlirmi? Bu cavabı tətbiq etsəm, nəyim risk altında qala bilər? Sağlamlıq, pul, hüquq və reputasiya kimi məsələlərdə təkcə Sİ-nin dediyinə əsaslanmaq düzgün deyil. Ən sağlam yanaşma isə süni intellekti rəqib kimi deyil, insanı gücləndirən alət kimi görməkdir. İnsan özünü Sİ-yə qarşı yox, onunla birlikdə daha güclü hesab etməlidir. Yəni nə tam güvənmək, nə də tam rədd etmək doğrudur. Süni intellektə ağıllı, tənqidi və məsafəli şəkildə yanaşmaq, onu etibarlı köməkçi kimi istifadə etmək lazımdır. 

Elnarə İslamova

Paylaş
Şərh əlavə et