Bu gün bir çox gənclər ali təhsili gözləmədən birbaşa əmək bazarına daxil olmağı seçir. Bu seçim həm onların şəxsi inkişafına, həm də ölkənin gələcək iş gücü balansına təsir edir. Bu barədə suallarımızı Təhsil eksperti Kamran Əsədov cavablandırıb.

İlk növbədə qeyd edim ki, gənclərin ali təhsili tamamlamaq əvəzinə birbaşa əmək bazarına daxil olması qısa müddətdə onları gəlir əldə etməyə yaxınlaşdırsa da, uzun müddətdə həm şəxsi inkişaf, həm sosial status, həm də iqtisadi sabitlik baxımından risklər yaradır. Müasir iqtisadiyyat bilik-intensiv modelə keçdiyi üçün diplomun özü deyil, ali təhsilin qazandırdığı analitik düşüncə, ixtisaslaşma və uzunmüddətli karyera dayanıqlığı daha çox əhəmiyyət kəsb edir.
- Diplomsuz əmək bazarına çıxan gənclərin gələcəkdə daha ciddi problemlərlə qarşılaşma ehtimalı varmı?
Mövcud əmək bazarının strukturu göstərir ki, diplomu olmayan gənclər ilk illərdə daha tez iş tapsalar da, 5–10 il sonra yüksək maaşlı və ixtisaslaşmış vəzifələrə keçid imkanları məhdudlaşır. Əmək bazarında “tavan effekti” formalaşır – yəni müəyyən məqamdan sonra peşəkar yüksəliş üçün formal təhsil tələbi ortaya çıxır. Azərbaycanda da aparılan araşdırmalar göstərir ki, ali təhsilli şəxslərin orta aylıq əməkhaqqı orta ixtisas və ya orta təhsillə çalışan şəxslərdən 1,7–2 dəfə çoxdur. Bu fərq illər keçdikcə daha da artır.
Eyni zamanda, diplomu olmayan gənclər iqtisadi dalğalanmalar zamanı daha çox risk qrupunda olur. Avropa ölkələrinin statistikası göstərir ki, iqtisadi böhran dövrlərində işini itirənlərin 65–70%-i məhz aşağı ixtisas tələb edən sahələrdə çalışanlardır. Bu isə gələcəkdə sosial müdafiə və iş sabitliyi baxımından ciddi çətinlik yaradır.
Üstəlik, təhsil almadan əmək bazarına daxil olan gənclərin əmək hüquqları, karyera planlaması və uzunmüddətli bacarıq inkişafı ilə bağlı bilikləri zəif olduğundan, onlar daha asan şəkildə qeyri-formal məşğulluğa sürüşə bilir, bu isə həm sosial təminat, həm də pensiya kapitalı baxımından mənfi nəticə yaradır.
- Dövlət, universitetlər və işəgötürənlər gənclərin həm təhsil alıb, həm də əmək bazarında möhkəmlənməsi üçün nə etməlidirlər?
Təhlil göstərir ki, təhsil sistemi ilə əmək bazarı arasındakı əlaqənin gücləndirilməsi gənclərin həm oxuyub, həm də işləməsini mümkün edən daha çevik mexanizmlərin yaradılmasını tələb edir. Dövlət bu istiqamətdə dual təhsil modeli, qısamüddətli ixtisas proqramları və part-time təhsil formalarının genişləndirilməsi ilə əmək bazarına daha çevik çıxışı təmin edə bilər. Bir çox Avropa ölkəsində dual sistem məhz bu məqsədə xidmət edir: gənc həm universitetdə nəzəri bilik alır, həm də müəssisədə real iş bacarığı qazanır. Bu model Almaniyada gənclərin işsizlik səviyyəsini 6–7%-də saxlayan əsas mexanizmlərdən biridir.
Universitetlər əmək bazarı ilə əlaqələri gücləndirməli, real sektorla əməkdaşlıq müqavilələri bağlamalı, ixtisas proqramlarını iş görə bilmək bacarığına uyğunlaşdırmalıdır. Xüsusən də “micro-credential”, “short-cycle” tipli modullar tətbiq olunmalıdır ki, gənc oxuduğu müddətdə əmək bazarında lazım olan kompetensiyaları qazana bilsin.
İşəgötürənlər isə tələbələr üçün çevik iş qrafiki yaratmalı, təcrübə proqramlarını formal xarakterdən çıxarıb real öyrənmə modeli halına gətirməlidirlər. Bir çox öncül şirkətlərdə tələbələrə layihədə iştirak müqabilində həm əmək haqqı verilir, həm də onların ixtisaslaşmasına sərmayə qoyulur. Bu, Azərbaycanda da geniş tətbiq edilməlidir.
Hesab edirəm ki, gənclərin təhsilsiz əmək bazarına daxil olması qısamüddətli deyil, uzunmüddətli düşünülməlidir. Dövlət, universitetlər və işəgötürənlər birlikdə daha çevik, daha praktik, daha açıq bir sistem qursalar, gənclər həm təhsilini davam etdirər, həm də gələcəyin peşəkar iş gücü kimi formalaşar.
Elnarə İslamova
