24media.az-ın budəfəki müsahibi Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmovdur. O, uşaqlarda nitq gecikməsi və autizm əlamətləri haqqında danışıb.
- Uşaqlarda nitq gecikməsinin əsas səbəbi nədir və bu tendensiya niyə son illər artıb?

Son illərdə həm Azərbaycanda, həm də dünyada nitq gecikməsi diaqnozu ilə müraciət edən uşaqların sayı əhəmiyyətli dərəcədə artıb. Psixologiya Elmi-Tədqiqat İnstitutunun (PETİ) müşahidələri göstərir ki, bu artım təsadüfi deyil və bir neçə əsas amillə əlaqəlidir.
Əsas səbəb kimi həddindən artıq ekran istifadəsi göstərilir. 0–3 yaş beyin inkişafı üçün kritik dövrdür. Telefon, tablet, televizor kimi cihazlar uşağı passivləşdirir və qarşılıqlı ünsiyyəti minimuma endirir. Bu isə nitqin başlanmasına birbaşa mane olur. Digər amil kimi ailə içi ünsiyyətin azalması göstərilir. Valideynlərin iş yükü, sosial şəbəkə istifadəsinin çoxalması, uşağın təkbaşına oyuna alışdırılması nitq modelləşdirilməsini zəiflədir. Həmçinin bioloji və perinatal faktorları da qeyd edə bilərik. Erkən doğuş, doğuş zamanı oksigen çatışmazlığı, eşitmə zəifliyi və bəzi nevroloji pozuntular nitq inkişafını ləngidə bilər.
- Autizmin erkən əlamətlərini valideyn hansı davranışlarda görə bilər və onları digər inkişaf problemlərindən necə fərqləndirmək olar?
Autizm spektr pozuntusu (ASP) erkən yaşlarda özünü göstərən bir inkişaf vəziyyətidir və nə qədər tez aşkar edilərsə, müdaxilə bir o qədər effektiv olur. Autizmin digər gecikmə problemlərindən fərqi ondadır ki, o yalnız nitqlə deyil, sosial qarşılıqlı əlaqə və davranışlarla da özünü göstərir.
Valideynin görə biləcəyi erkən əlamətlər:
1. Sosial qarşılıqlı əlaqədə çətinliklər
• Adına cavab verməmək
• Göz təmasının zəif olması
• Təqlid davranışlarının olmaması (əl çalmaq, “bay-bay” etmək)
• Oyunlara qoşulmamaq və ya yalnızlığa meyl
2. Davranış və maraqlarda təkrarlılıq
• Əşyaları düzülüş halına salmaq
• Fırlanan obyektləri uzun müddət izləmək
• Rutində dəyişiklikdən narahat olmaq
• Səs, işıq və toxunuşa qarşı həddindən artıq həssaslıq
3. Nitq və ünsiyyətdə fərqlər
• Nitqin gec başlaması
• Eşitdiklərini olduğu kimi təkrarlamaq (ekolaliya)
• Jest və mimikanın azlığı
Burda əsas sual autizmi digər inkişaf problemlərindən necə ayırmaqdır. Əsas diqqət edəcəyimiz məqamı qeyd etmək istərdim. Sadə nitq gecikməsində uşaq sosialdır, göz təması normaldır, oyun oynamağa meyllidir, fərq yalnız nitqdədir. Autizmdə isə əsas çətinlik nitq deyil, ünsiyyətin özü, sosial qarşılıqlı əlaqə və davranışlardır. Eşitmə problemi olan uşaqlar səslərə reaksiya verməsə də, sosial maraqları autizmli uşaqlara nisbətən daha güclü olur.
Şübhəsiz ki, ilkin diaqnostikada bu məqamlar diqqətə alınır.
- Nitq və ünsiyyət problemlərində valideynlər ən çox hansı mərhələdə gecikir və vaxtında müdaxilə nələri dəyişir?
Ən çox müşahidə olunan gecikmə, valideynlərin “danışar” deyə gözləmə halıdır. Əslində isə hər yaşın konkret inkişaf göstəricisi var. Çox valideyn 2 yaşına qədər söz deməyən uşağın öz-özünə danışacağını düşünür. Halbuki normal inkişafda 24 aylıq uşaq ən azı 50 söz bilməli və 2 sözlü cümlələr qurmalıdır. Vaxtında müdaxilədə nitq çox daha sürətli formalaşır, sosial bacarıqlar əhəmiyyətli dərəcədə artır, autizm şübhəsi olan uşaqlarda simptomlar "yumşalır", uşağın məktəbə və sosial həyata adaptasiyası sürətlənir, sonrakı illərdə yaranacaq psixoloji və akademik çətinliklərin qarşısı alınır.
Xavər Məmmədli
