Bu gün:

Malinin müdafiə nazirinin hücum zamanı öldüyü bildirilir


Malinin müdafiə naziri Sadio Kamaranın paytaxt Bamako yaxınlığında silahlı hücum zamanı öldürüldüyü bildirilir.

Bamako yaxınlığındakı Kati hərbi bazasına hücum zamanı mövqedə dayanan Mali əsgəri, 25 aprel 2026-cı il, REUTERS 

Məlumata görə, hücum Bamako şəhərindən təxminən 15 kilometr şimalda yerləşən Kati bölgəsində, əsas hərbi bazanın yaxınlığında nazirin iqamətgahına qarşı həyata keçirilib. Hadisənin “əl-Qaidə” ilə əlaqəli “Camaat Nusrat əl-İslam vəl-Müslimin” (JNIM) qruplaşması tərəfindən təşkil edildiyi qeyd olunur.

Nazirin yaxın qohumlarından biri onun öldüyünü bildirib. Eyni zamanda, müdafiə nazirinin qohumu olan jurnalist sosial şəbəkədə paylaşım edərək onun həyatını itirdiyini yazıb. Rəsmi qurumlar isə hələlik hadisə ilə bağlı açıqlama verməyib.

Hücumun daha genişmiqyaslı əməliyyatın bir hissəsi olduğu və JNIM qruplaşmasının tuareqlərin üstünlük təşkil etdiyi silahlı qrupla əməkdaşlıq etdiyi bildirilir. Analitiklər bunu son illərdə ölkədə baş verən ən böyük koordinasiyalı hücumlardan biri kimi qiymətləndirirlər.

Hadisə zamanı Kati bölgəsində atəş səslərinin eşidildiyi bildirilib. Malinin silahlı qüvvələri müxtəlif ərazilərdə əməliyyatların davam etdiyini açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatı Sahel bölgəsində baş verən hücumları pisləyib və beynəlxalq ictimaiyyəti terrorizmə qarşı mübarizəni gücləndirməyə çağırıb.

Qeyd edək ki, Malidə hakimiyyət 2020 və 2021-ci illərdə baş verən hərbi çevrilişlərdən sonra general Assimi Goitanın rəhbərliyi altındadır. Sadio Kamara ölkənin Rusiya ilə yaxınlaşma siyasətinin əsas fiqurlarından biri hesab olunurdu.

Ekspertlərin fikrincə, onun ölümü təsdiqlənərsə, bu, ölkənin hərbi rəhbərliyi üçün ciddi zərbə ola bilər.

Mənbə: Reuters

Tərcümə etdi: Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et