Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ölkəmizdə turizm sektorunun inkişafında yeni strateji mərhələnin əsasını qoyur.

24media.az xəbər verir ki, bu barədə Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov bildirib. O qeyd edib ki, Dövlət Proqramı turizmin ölkənin sosial-iqtisadi inkişafındakı rolunun gücləndirilməsini, qeyri-neft-qaz iqtisadiyyatının şaxələndirilməsini, regionların rəqabət qabiliyyətinin artırılmasını və Azərbaycanın beynəlxalq turizm məkanı kimi mövqeyinin möhkəmləndirilməsini nəzərdə tutur.
"Bu sənəd turizmə yalnız səfərlərin və turist sayının artırılması prizmasından yanaşmır. Burada regionların inkişafı, insan kapitalı, elm və təhsil, rəqəmsallaşma, innovasiya, investisiya, nəqliyyat, xidmət keyfiyyəti və yerli icmaların iqtisadi proseslərə inteqrasiyası vahid turizm ekosisteminin tərkib hissələri kimi nəzərdən keçirilir. Məhz bu yanaşma regional universitetlərin, xüsusilə turizm istiqamətində kadr hazırlığı həyata keçirən ali təhsil müəssisələrinin qarşısında yeni fəaliyyət imkanları açır" , - deyə rektor qeyd edib.
Bildirilib ki, hazırda MDU-da turizm istiqaməti üzrə bakalavriat və magistratura səviyyələrində kadr hazırlığı həyata keçirilir. 2026/2027-ci tədris ilindən isə universitet tarixində ilk dəfə “Turizm işinin təşkili” ixtisası üzrə bakalavriat səviyyəsində ingilis dilində tələbə qəbulu planlaşdırılır.
Anar Eminovun sözlərinə görə, Türkiyənin tərəfdaş universitetlərinin akademik və metodiki dəstəyi ilə MDU-da Turizm kafedrasının yaradılması nəzərdə tutulur. Həmçinin Türkiyə universitetləri ilə əməkdaşlıq çərçivəsində turizm üzrə doktorantların hazırlanması, birgə elmi rəhbərlik mexanizmlərinin formalaşdırılması və ortaq tədqiqatların aparılması istiqamətində işlərin görülməsi planlaşdırılır.
Bu istiqamətdə Türkiyənin Dokuz Eylül Universitetindən turizm sahəsi üzrə professorun MDU-nun akademik fəaliyyətinə cəlb edilməsi də nəzərdə tutulur.
Qeyd olunub ki, Dövlət Proqramında turizm sahəsinə aid təhsil proqramlarının beynəlxalq standartlara və əmək bazarının tələblərinə uyğunlaşdırılması mühüm hədəflərdən biri kimi müəyyənləşdirilib. 2026–2030-cu illər ərzində mövcud təhsil proqramlarının 30 faizinin bu istiqamətdə yenilənməsi nəzərdə tutulur.
Bu hədəfin MDU üçün turizm üzrə mövcud bakalavriat və magistratura proqramlarının daha geniş şəkildə beynəlxalq təcrübə əsasında yenilənməsi üçün mühüm çərçivə yaradacağı, təhsil proqramlarında turizm marketinqi, destinasiya menecmenti, rəqəmsal turizm, hotel və qonaqpərvərlik menecmenti, turizm sahibkarlığı, xarici dillər, tədbirlərin idarə olunması, data analitikası, dayanıqlı turizm və müştəri təcrübəsinin idarə edilməsi kimi istiqamətlərinin daha geniş inteqrasiyasının mümkün ola biləcəyi vurğulanıb.
Bununla yanaşı, MDU-nun turizm şirkətləri, hotellər, yerləşmə və iaşə obyektləri, tədbir təşkilatçıları, yerli sahibkarlar və aidiyyəti dövlət qurumları ilə əməkdaşlığı genişləndirərək tələbələrin praktiki hazırlığını gücləndirməsi planlaşdırılır.
Dövlət Proqramının regional inkişaf istiqamətinin Mingəçevir və Mərkəzi Aranın turizm potensialının daha geniş araşdırılması üçün də imkan yaratdığı bildirilib. Kür çayı, Mingəçevir su anbarı, şəhərin idman və rekreasiya infrastrukturu, eləcə də coğrafi mövqeyi yeni turizm məhsullarının və marşrutlarının hazırlanması üçün potensial kimi qiymətləndirilib.
Eyni zamanda, MDU-nun Mərkəzi Aranda turizm potensialına malik yaşayış məntəqələrinin araşdırılması, yerli resursların inventarlaşdırılması, icma əsaslı turizm modellərinin hazırlanması və kənd sahibkarları üçün təlimlərin təşkili istiqamətində fəaliyyət göstərə biləcəyi vurğulanıb.
Bildirilib ki, turizmin rəqəmsallaşması da qarşıdakı dövrün əsas istiqamətlərindən biridir. Dövlət Proqramında Turizm İnformasiya Sisteminin yaradılması, “Rəqəmsal turizm destinasiyası” layihəsinin həyata keçirilməsi, turizm obyektləri üzrə audiobələdçilərin hazırlanması və innovasiya ekosisteminin formalaşdırılması nəzərdə tutulur.
Anar Eminov vurğulayıb ki, MDU-da turizmin informasiya texnologiyaları, kompüter elmləri, marketinq, biznesin idarə edilməsi və data analitikası ilə əlaqələndirilməsi üçün geniş imkanlar yaranır. Bu çərçivədə Mingəçevir üçün rəqəmsal turizm xəritəsinin, çoxdilli audiobələdçilərin, virtual turların və turistlər üçün müxtəlif rəqəmsal həllərin hazırlanması mümkün ola bilər.
Qeyd olunub ki, Dövlət Proqramında turizm üçün xarakterik sahələrdə yaradılan əlavə dəyərin 2025-ci ildəki 6,96 milyard manatdan 2030-cu ildə 12,17 milyard manata yüksəldilməsi hədəflənir. Eyni zamanda, bu sahələrin qeyri-neft-qaz ÜDM-də payının 8,6 faizə çatdırılması və Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayının təxminən 3,8 milyon nəfərə yüksəldilməsi nəzərdə tutulur.
Rektorun sözlərinə görə, turizm sektorunun genişlənməsi ixtisaslı kadrlara tələbatı da artıracaq. Bu səbəbdən universitetlərin qarşısında yalnız mövcud əmək bazarı üçün deyil, gələcək illərin turizm sənayesi üçün də mütəxəssis hazırlamaq vəzifəsi dayanır.
Anar Eminov bildirib ki, MDU-da ingilis dilində turizm təhsilinin təşkili, yeni Turizm kafedrasının yaradılması, doktorant hazırlığının inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, tətbiqi tədqiqatların və rəqəmsal turizm layihələrinin artırılması universitetin bu sahədə mövqeyinin güclənməsinə töhfə verə bilər.
Həvva Cəbrayılova
