Mingəçevir Dövlət Universitetində (MDU) süni intellekt texnologiyalarına əsaslanan “MSU Language Excellence Laboratory” – Dil Mükəmməlliyi Laboratoriyasının açılışı keçirilib. Laboratoriya sentyabrın 15-də, Bilik Günü münasibətilə fəaliyyətə başlayıb və regionda dil tədrisi və qiymətləndirilməsi sahəsində süni intellekt imkanlarından istifadə edən ən böyük laboratoriya kimi təqdim olunur. Açılış mərasimində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, MDU-nun rektoru Anar Eminov və digər şəhər rəsmiləri iştirak ediblər.
24media.az xəbər verir ki, laboratoriyanın fəaliyyət mexanizmini təqdim edən MDU-nun Rəqəmsal inkişaf və informasiya texnologiyaları mərkəzinin müdiri Elçin Tağıyev yeni yaradılan mühitin tələbələrin danışıq, dinləmə, oxu, yazı, söz ehtiyatı və tələffüz bacarıqlarının süni intellekt əsaslı alətlər vasitəsilə qiymətləndirilməsinə, fərdi inkişaf dinamikasının izlənilməsinə və əldə olunan nəticələr əsasında fərdiləşdirilmiş öyrənmə imkanlarının formalaşdırılmasına xidmət edəcəyini bildirib.
Sistemdə Avropa dillərinin qiymətləndirilməsi üçün istifadə olunan “CEFR” meyarlarından yararlanılması nəzərdə tutulur. Bu, tələbələrin dil bacarıqlarında real irəliləyişin zamanla daha obyektiv şəkildə ölçülməsinə imkan verəcək. Əldə olunan nəticələr əsasında tələbələr üçün fərdiləşdirilmiş öyrənmə imkanlarının formalaşdırılması, onların ehtiyaclarına uyğun tədris yanaşmalarının müəyyənləşdirilməsi planlaşdırılır.
Bildirilib ki, laboratoriyanın imkanları yalnız tələbələrin qiymətləndirilməsi ilə məhdudlaşmır. Süni intellekt platforması dərslərin video qeydlərini, sillabusları və digər tədris materiallarını təhlil edərək dərsin keyfiyyət göstəricilərini müəyyənləşdirəcək, həftəlik analizlərin nəticələrini hesabat formasında təqdim edəcək və müəllimlərə tədris prosesinin təkmilləşdirilməsi, eləcə də peşəkar inkişaf istiqamətləri üzrə konkret tövsiyələr verəcək.
Layihənin hazırda xarici dillər üzrə tədris olunan fənlərdən tətbiqinə başlanılıb və 2027-ci ilin martınadək MDU-nun əsas tədris binasında yerləşən bütün auditoriyalarda istifadəyə verilməsi planlaşdırılır. Universitetin yeni inkişaf strategiyasının tərkib hissəsi olan laboratoriyanın yaradılmasında məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsi, dərslərin obyektiv və sistemli şəkildə təhlili, tələbələrin fərdi inkişafının davamlı izlənilməsi və müəllimlərin peşəkar inkişafının dəstəklənməsidir.
Layihə çərçivəsində istifadə olunan proqram təminatının ABŞ, Kanada və Türkiyənin bir sıra qabaqcıl ali təhsil müəssisələrində tətbiq edildiyi bildirilir. Texnoloji infrastrukturda İsveçin “AXIS Communications” şirkətinin ağıllı audio, süni intellekt analitikası və inteqrasiya olunmuş rəqəmsal sistemlərə dair həllərindən də istifadə edilir. Laboratoriyada tətbiq olunan “edge computing” yanaşması məlumatların yarandığı qurğu səviyyəsində emalına imkan verir ki, bu da böyük həcmdə xam audio məlumatların daimi saxlanmasına ehtiyacı azaldır və məlumatların daha səmərəli və təhlükəsiz idarə olunmasına şərait yaradır.






Həvva Cəbrayılova
