Argentina hökuməti Böyük Britaniyanın nəzarətində olan Folklend adalarında fəaliyyət göstərən İsrailin “Navitas Petroleum” enerji şirkəti və onun rəhbərlərinə qarşı cinayət işi açacağını açıqlayıb.

Argentina Xarici İşlər naziri Pablo Kirno şirkətin bir neçə törəmə və tərəfdaş şirkəti, eləcə də onların direktorları barədə cinayət şikayəti təqdim edəcək.
Argentina hökuməti “Navitas Petroleum”un Şimali Folklend hövzəsində karbohidrogenlərin kəşfiyyatı və hasilatı üçün Böyük Britaniya tərəfindən verilmiş lisenziyalara malik olmasını ölkə qanunvericiliyinin pozulması hesab edir.
Argentina Prezidenti Xavyer Milei ötən həftə Folklend adalarında neft və qaz hasilatı ilə məşğul olan şirkətlərə qarşı sanksiyalar tətbiq ediləcəyini açıqlayıb. O, ölkəsinin adalar üzərində suverenlik iddiasını da bir daha ifadə edib.
“Dəniz Şiri” layihəsinin operatoru olan “Navitas Petroleum” yataqda 65 faiz paya sahibdir. Şirkət məsələ ilə bağlı şərh verməyib.
Folklend adalarının statusu uzun illərdir Argentina ilə Böyük Britaniya arasında mübahisə mövzusudur. Argentina adalar üzərində suverenlik hüququnun ona məxsus olduğunu bildirir, Böyük Britaniya isə onları özünün dənizaşırı ərazisi hesab edir.
Mənbə: The Guardian
Tərcümə etdi: Fərid Tapdıqov
