Bu gün:

Şimali Koreya və Rusiya arasında ilk avtomobil körpüsü açılıb


Şimali Koreya ilə Rusiya arasında iki ölkəni birbaşa birləşdirən ilk avtomobil körpüsü açılıb. Körpü Tümen çayı üzərindən keçərək iki ölkə arasında yük və sərnişin daşınmasını asanlaşdıracaq.

Rusiya hökuməti körpüdən ilkin mərhələdə yük daşımaları üçün istifadə olunacağını bildirib, BBC 

Pxenyanın dövlət mediası körpüdən “şəxsi heyətin qarşılıqlı səfərləri, turizm və ticarət” məqsədilə istifadə olunacağını bildirib.

Lakin Ukraynanın araşdırma təşkilatı olan “Truth Hounds” körpünün əsasən Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək məqsədilə “gizli hərbi logistika dəhlizi yaratmaq” üçün nəzərdə tutulduğunu bildirib.

Körpünün açılması Ukraynada müharibənin başlanmasından sonra Şimali Koreya ilə Rusiya arasında münasibətlərin daha da gücləndiyi bir dövrə təsadüf edir. Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In daha əvvəl ölkələrindən hər hansı birinə qarşı “təcavüz” olacağı təqdirdə bir-birinə yardım göstərəcəklərini bildirmişdilər.

Rusiyanın Baş naziri Mixail Mişustin körpünü “dostluğun yeni simvolu”, Şimali Koreyanın Baş naziri Pak The Son isə “tarixi hadisə” adlandırıb.

Rusiya dövlət informasiya agentliyi TASS-ın məlumatına görə, körpüdən gündəlik 300-ə qədər nəqliyyat vasitəsi və 2323 nəfər keçə biləcək.

BBC-nin bu ilin may ayında yayımladığı peyk görüntülərində təxminən bir kilometr uzunluğunda olan körpü ilə yanaşı, yeni giriş yolları, sərhəd-keçid məntəqəsi, yardımçı infrastruktur və avtomobil dayanacaqlarının inşa edildiyi görünürdü.

İki ölkə arasında hava və dəmir yolu əlaqələri mövcud olsa da, indiyədək birbaşa avtomobil yolu bağlantısı yox idi. 

Yeni körpü Tümen çayı üzərindən keçərək Şimali Koreyanın Rason və Rusiyanın Xasan sərhəd şəhərlərini birləşdirir.

Rusiya hökumətinin məlumatına görə, körpüdən ilkin mərhələdə yük daşımaları üçün istifadə olunacaq, daha sonra isə sərnişin daşımalarına açılması nəzərdə tutulur.

Yeni yolun Şimali Koreyadan Rusiyaya silah və digər hərbi təchizatın daşınmasını asanlaşdıra biləcəyi ilə bağlı narahatlıqlar da var.

“Truth Hounds” təşkilatı bildirib ki, 2024-cü ildə iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq müqaviləsi nəzərə alınarsa, körpüdən Şimali Koreyanın hərbi qulluqçularının, tikinti işçilərinin və yüksək rütbəli hərbi rəsmilərinin birbaşa Rusiyaya daşınması üçün istifadə oluna bilər. Körpü eyni zamanda əks istiqamətdə Rusiyanın texnologiya və resurslarının Şimali Koreyaya çatdırılmasına imkan yarada bilər.

Körpünün tikintisinə 2025-ci ildə, Vladimir Putinin 2024-cü ildə Şimali Koreyaya səfəri zamanı əldə olunan razılaşmadan sonra başlanılıb. Tikinti müəyyən gecikmələrə baxmayaraq, 495 günə başa çatdırılıb.

Yeni avtomobil yolunun Şimali Koreyadan Rusiyaya işçilərin daşınmasında da istifadə olunacağı gözlənilir. Cənubi Koreyanın hesablamalarına görə, təxminən 10 min Şimali Koreya vətəndaşı Rusiyada tikinti sahələrində və meşə təsərrüfatı düşərgələrində çalışır.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Viktor Ça bildirib ki, körpünün sürətlə inşa olunması iki ölkə arasındakı ticarət fəaliyyətinin həcmini əks etdirir. Onun sözlərinə görə, bu, əsasən Şimali Koreyanın Rusiyanın Ukraynaya qarşı müharibəsi üçün qoşun, silah, sursat və işçi qüvvəsi təqdim etməsi ilə əlaqədardır.

Mənbə: BBC

Tərcümə etdi: Zəhra Məlikova 

Paylaş
Şərh əlavə et