Böyük Britaniyanın ən böyük texnologiya şirkəti “Arm Holdinqs”in baş direktoru Rene Haas süni intellektin gələcəkdə insan ömrü çərçivəsində xərçəngin müalicəsini tapacağını bildirib.

Haas DNT markerlərinin xərçəng tərəfindən necə təsirləndiyini modelləşdirməyin hazırda olduqca mürəkkəb olduğunu, lakin kompüterlərin gələcəkdə bu problemin öhdəsindən gələcəyini deyib.
O, həmçinin süni intellektin yaxın beş ildə geniş yayılmış insanabənzər robotların yaranmasına səbəb olacağını bildirib. Haas texnologiyanın inkişafının məlumat mərkəzləri üçün tələb olunan mikroçiplərin qıtlığı səbəbindən ləngidiyini qeyd edib.
London Xərçəng Tədqiqatları İnstitutunun professoru Kris Bakal isə tibbi süni intellektin inkişafının xəstə nümunələrindən əldə edilən dəqiq ölçmə və məlumatlardan asılı olduğunu bildirib. Onun sözlərinə görə, bu cür proqnozlar yeni müalicə üsullarının hazırlanmasına sərf olunan vaxtı azalda bilər.
Haas süni intellektin kütləvi işsizliyə səbəb olacağı ilə bağlı narahatlıqların şişirdildiyini və yeni imkanların itkiləri üstələyəcəyini də vurğulayıb.
Mənbə: BBC
Tərcümə etdi: Zəhra Əliyeva
