Bu gün:

Rektor Anar Eminov 626 balla MDU-ya qəbul olunan tələbə ilə görüşüb


Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminov 626 bal toplayaraq Riyaziyyat müəllimliyi ixtisasına qəbul olunan Aysu İsmayılova və onun valideynləri ilə görüşüb.

24media.az xəbər verir ki avqustun 26-da baş tutan görüşdə rektor yüksək nəticə göstərərək universitetə qəbul olunan Aysu İsmayılovanı təbrik edib, yeni tədris ilində ona uğurlar arzulayıb.

Anar Eminov 626 ballıq nəticənin gənc tələbənin bilik və potensialının göstəricisi olduğunu bildirərək, bunun universitet həyatında daha böyük nailiyyətlər üçün yaxşı başlanğıc olduğunu vurğulayıb.

Rektor tələbənin müəllimlik ixtisasını seçməsini də yüksək qiymətləndirib. O, gələcəkdə Aysu İsmayılovanın peşəsinə sevgi ilə yanaşan, müasir bilik və bacarıqlara yiyələnən, şagirdlərinin inkişafına töhfə verən nümunəvi müəllim kimi formalaşmasının vacibliyini qeyd edib.

Görüşdə tələbələrin akademik biliklərlə yanaşı, müxtəlif elmi, sosial, mədəni və ictimai layihələrdə iştirak etmələri üçün universitetdə yaradılan imkanlardan da söz açılıb. Rektor yeni tələbəni universitet həyatında fəal olmağa və təqdim olunan imkanlardan səmərəli yararlanmağa çağırıb.

Aysu İsmayılova isə göstərilən diqqətə görə təşəkkürünü bildirib və MDU-nun tələbəsi olmaqdan məmnunluğunu ifadə edib. O, universitetdə yüksək nəticələr göstərmək, ixtisası üzrə biliklərini inkişaf etdirmək və tələbə həyatında fəal iştirak etmək əzmində olduğunu deyib.

Tələbənin valideynləri də övladlarının yüksək nəticə göstərməsindən və MDU-ya qəbulundan məmnunluqlarını ifadə edərək universitet rəhbərliyinin göstərdiyi diqqət və səmimi münasibətə görə təşəkkür ediblər.

Həvva Cəbrayılova 

Paylaş
Şərh əlavə et