Bu gün:

Azərbaycanda su ehtiyatlarına nəzarət gücləndirilib


Azərbaycanda su ehtiyatlarından səmərəli istifadənin təmin olunması istiqamətində görülən tədbirlər davam etdirilir. Bu məqsədlə yaradılmış Komissiya ölkə üzrə əsas su anbarlarının fəaliyyətinə nəzarəti gücləndirərək suyun müxtəlif sahələr üzrə balanslı istifadəsini təmin etməyə çalışır.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Baş nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Komissiyanın növbəti iclası keçirilib. İclasda gursululuq dövrü ilə əlaqədar su anbarlarının iş rejimi, Kür və Araz çayları hövzəsində mövcud vəziyyət, eləcə də son yağıntıların yaratdığı təsirlər geniş müzakirə olunub. Bildirilib ki, bu il su ehtiyatlarının ötən illərlə müqayisədə daha çox olacağı gözlənilir.

Məlumata görə, son günlər bəzi çaylarda suyun səviyyəsi artsa da, vəziyyət nəzarət altındadır və təhlükəsizlik tədbirləri gücləndirilib. Aidiyyəti qurumlar tərəfindən artıq suyun təhlükəsiz şəkildə Xəzər dənizinə yönəldilməsi və mümkün risklərin qarşısının alınması üçün zəruri addımlar atılır.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et