"Çelsi" qadın futbol komandasının kapitanı və İngiltərə millisinin sabiq müdafiəçisi Milli Brayt uzun müddətdir onu narahat edən topuq zədəsi səbəbindən peşəkar futbolçu karyerasını dayandırdığını elan edib.

"Çelsi"nin və İngiltərə millisinin müdafiəçisi Milli Brayt meydanda kapitan sarğısı ilə komandasına liderlik edərkən
24media.az "BBC Sports"a istinadən bildirir ki, 2015-ci ildən “Çelsi”nin heyətində çıxış edən Milli Brayt London klubunda 294 oyuna çıxaraq 8 dəfə “Super Liqa”, 6 dəfə “FA Kuboku” və 4 dəfə “Liqa Kuboku”nun qalibi olub. İngiltərə millisində 88 oyun keçirən təcrübəli müdafiəçi komandanın 2022-ci il Avropa çempionluğunda və 2023-cü il Dünya Çempionatında finala gedən yolda əsas oyunçulardan biri kimi yadda qalıb.
Karyerasını başa vurmasına baxmayaraq, Milli Brayt “Çelsi”dən ayrılmır. O, fəaliyyətini klubun rəsmi səfiri və “Çelsi Fondu”nun qəyyumlar şurasının üzvü kimi davam etdirəcək. İngiltərə millisinin baş məşqçisi Sarina Viqman Braytın futboldan ayrılmasını qadın futbolu üçün böyük itki adlandırıb və onun gənc nəsil üçün əsl ilham mənbəyi olduğunu vurğulayıb.
Fatimə Salmanlı
